Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qiyməti qalxmamış zərərini öyrənin: Alkoqollu içkilərin vergisi artırılır?

Qiyməti qalxmamış zərərini öyrənin: Alkoqollu içkilərin vergisi artırılır?

Tarix: 11 Dekabr 2023 13:36

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əksər ölkələrin sağlam həyat tərzinin təbliği üçün vergi mexanizmlərindən düzgün şəkildə istifadə etmədiyini müəyyənləşdirib, alkoqollu və tərkibində şəkər olan içkilərə vergilərin artırılmasına çağırıb.

108 ölkə tərkibində şəkər olan içkilərin müəyyən növlərinə vergi qoyub. Azı 148 ölkə milli səviyyədə spirtli içkilərə aksiz vergisi tətbiq edib. Eyni zamanda, azı 22 ölkədə şərab aksiz vergisindən azaddır ki, onların da əksəriyyəti Avropa qitəsindədir. Dünyada ən çox satılan pivə brendinin qiymətində orta hesabla aksiz vergisinin payı 17,2% təşkil edir.

Bəs görəsən, belə bir qərarın hansı nəticələri ola bilər? Qiymətlərdə dəyişiklik gözlənilirmi?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı oxu.az-a açıqlama verən iqtisadçı Emin Qəriblinin sözlərinə görə, insan sağlamlığı hazırda daha çox diqqət mərkəzindədir:

"İnsan sağlamlığına təsir edən amillər kifayət qədər çoxdur. Bu kimi məqamlara diqqət etmək lazımdır. Beynəlxalq səviyyədə, məsələn, BMT-də dayanıqlı iqtisadi inkişaf məsələləri müzakirə olunarkən burada həm sosial təzminat, həm insanların sağlamlığı, həm də təhsil, ekologiya problemləri və s. nəzərdə tutulur. Qlobal səviyyəli problemlərin həlli üçün müxtəlif konvensiyalar qəbul edilir və dövlətlər də ümumi qaydalara riayət etmək üçün dəvət olunurlar".  

Ekspert qeyd edib ki, alkoqollu və şəkər qatqılı içkilərə vergilərin artırılması normal haldır:

"Ancaq alkoqollu və şəkər tərkibli içkilərə vergilərin qısa zamanda artırılacağını düşünmürəm. İqtisadiyyata təsiri də dərhal baş verməyəcək. Təbii ki, qiymətlərə təsir göstərəcək. Lakin bu, mərhələ ilə olacaq".
Terapevt Günel Fətəliyeva alkoqol və şəkər tərkibli içkilərin insanların səhhətində ciddi xəstəliklərə yol açdığını vurğulayıb:

"Alkoqollu, şəkər tərkibli və xüsusən də energetik içkilər qeyri-sağlam məhsullardır. İnsanlarda tez bir zamanda ciddi, hətta ölümlə nəticələnən xəstəliklərin yaranmasına səbəb olur. Qan-damar sistemi xəstəlikləri, əsasən, infarkt, insult, eləcə də şəkərli diabet, onkoloji xəstəliklərin hər biri sağlam olmayan qidalar səbəbindən yaranır.

Düşünürəm ki, içkilərin qiymətindəki mümkün artım varlı təbəqəyə təsir etməyəcək. İmkanları məhdud olanlar isə aludə olduqları məhsulların daha ucuzunu və nəticə olaraq keyfiyyətsizini alacaqlar. Bu isə xəstəliklərin artmasına səbəb olacaq. Buna görə də ümumilikdə qeyri-sağlam qidaların zərərləri barədə güclü maarifləndirmə tədbirləri aparılmalıdır".

Qeyd edək ki, aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4 manatdan 4,8 manata çatdırılıb.

Milli.Az


Etiketlər:  Qiyməti qalxmamış zərərini öyrənin Alkoqollu içkilərin vergisi artırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ