Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2019 18:09
Bakı. Trend:
Azərbaycanın milli aviadaşıyıcısının uçuş heyətinin ənənəvi ümumi yığıncağı keçirilib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AZAL prezidenti Cahangir Əsgərov iclası açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə mülki aviasiyaya göstərdiyi diqqət və qayğını vurğulamışdır. Bunun sayəsində mülki aviasiya Azərbaycan iqtisadiyyatının aparıcı sektorlarından birinə çevrilib.
C.Əsgərovun sözlərinə görə, Azərbaycanın milli aviadaşıyıcısı həyata keçirdiyi etibarlı, səmərəli və rahat sərnişin daşımaları ilə beynəlxalq nüfuz qazanıb. Ölkəmiz sonuncu Dünya İqtisadi Forumunun 2019-cu il üçün “Qlobal rəqabət qabiliyyəti” hesabatına görə, Fransa, Almaniya, İngiltərə, Avstriyanı və digər inkişaf etmiş ölkələri qabaqlayaraq Hava Nəqliyyatının Səmərəliliyi İndeksində 141 ölkə arasında 12-ci yeri tutub.
AZAL prezidenti uçuş heyətinə göstərdikləri yüksək peşəkarlıq və mülki aviasiyanın inkişafına verdikləri töhfə üçün təşəkkürünü bildirib:
“Ümumilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi mülki aviasiyanın ən vacib vəzifəsi uçuşların təhlükəsizliyinin təmin edilməsidir. Pilotlarımız bu tapşırığı yüksək səviyyədə yerinə yetirirlər və bu gün onları haqlı olaraq dünyanın ən peşəkar pilotlarından hesab edirlər".
Tədbir uçuşların təhlükəsizliyinin artırılması, müasir təyyarələrin istismarı, yeni texnologiyaların tətbiqi, uçuş heyətinin kvalifikasiyasının artırılması və s. kimi mövzuların müzakirəsi ilə davam etdirilib.
AZAL prezidenti fərqlənmiş pilotları mükafatlandırıb, onlara xatirə hədiyyələr təqdim edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin