Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2019 11:12
Bakı. İlhamə İsabalayeva - Trend:
Respublika Diaqnostika Mərkəzi noyabrın 7-də özünü həmin müəssisənin 5-ci mərtəbəsinin pəncərəsindən yerə atan xəstə İlkin Gülməmmədovla bağlı məlumat yayıb.
Mərkəzdən Trend-ə verilən məlumata görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən və böyrək transplantasiyası icra olunmuş xəstələrin 25%-i ağır depressiv vəziyyətdə olur. Bununla bərabər, dünyada aparılan ciddi statistika araşdırmalara görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin 21%-də intihar cəhdləri qeydə alınır. Dünya üzrə xəstəxanalarda baş verən intihar halları isə 6,1% təşkil edir:
"Qeyd etmək istəyirik ki, böyrəkköçürmə əməliyyatından əvvəl hər bir xəstə və donoru psixiatr müayinəsindən mütləq şəkildə keçir. Martın 1-də müayinə olunmaq üçün Respublika Diaqnostika Mərkəzinə müraciət edən 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu da bütün zəruri müayinələrdən, həmçinin psixiatr baxışından keçib. Sentyabrın 23-də xəstə əməliyyat olunaraq ona böyrək köçürülüb. Oktyabrın 5-i normal vəziyyətdə evə yazılıb. Xəstənin əməliyyatla bağlı bütün xərcləri Səhiyyə Nazirliyi tərəfindən ödənilmişdir".
Mərkəzin məlumatında qeyd edilib ki, xəstə aldığı immunsupressiv (immunitet sisteminin zəifliyi) müalicə ilə bağlı bir sıra narahatlıqlar yaşadığından yenidən müayinə olunması üçün oktyabrın 9-da xəstəxanaya yerləşdirilib. Həmin tarixdən noyabrın 7-nə kimi aparılan müalicə nəticəsində xəstənin ümumi vəziyyətində yaxşılaşma müşahidə olunub. Xəstənin laborator göstəriciləri və əməliyyatdan sonra köçürülmüş böyrəyinin vəziyyəti normal və qənaətbəxş idi. O, xəstəxanada müalicədə olduğu müddət ərzində, həmçinin intihar hadisəsinin baş verdiyi gün də ailə üzvləri ilə görüşüb. Onun yaxın günlərdə evə yazılması planlaşdırılırdı.
Xatırladaq ki, İlkin Gülməmmədov noyabrın 7-də müalicə olunduğu xəstəxananın 5-ci mərtəbəsinin pəncərəsindən özünü yerə atıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
|
||||
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin