Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2023 01:04
İslam şəriətinə görə, səfərdə olan şəxs gündəlik 4 rükətlik namazları 2 rükət halında (qəsr ilə, ixtisarla) qılmalı, oruc tutmamalıdır. Bu şəriət qaydalarının qüvvəyə minməsi üçün tələb olunan şərtlərdən biri də səfər məsafəsi ilə bağlıdır. Belə ki, insanın gedib-qayıdarkən qət etdiyi məsafə üst-üstə ən azı 8 fərsəx olmalıdır. 8 fərsəxdən az məsafə qət edən şəxs səfərdə sayılmaz və səfər hökmləri ona şamil olmaz. 8 fərsəxin müasir ölçü sistemi ilə qarşılığı barədə mənbələrdəki məlumatlar azacıq fərq edir. Belə ki, əhli-sünnə məzhəbində üstünlük qazanmış rəyə görə bir fərsəx 5.04 km.-ə bərabərdir. Cəfəri müctəhidlərin risalələrində bir fərsəxin uzunluğu 5 km. ilə 5.5 km. arasında qəbul edilir. Hazırda diri olan məşhur müctəhidlərin risalələrində 8 fərsəx məsafə 41-44 km. aralığında götürülür. Qeyd edək ki, bu məsafə ümumilikdə gedib-qayıtmağa aiddir. Məsələn, insan bir şəhərdən başqa şəhərə uzunluğu 20 km. olan yol ilə getsə, amma uzunluğu 24 km. olan yol ilə qayıtsa, səfərdə sayılır. Çünki şəhərlər arasındakı qısa yol səfər həddindən az olsa da, qət edilmiş ümumi məsafə 44 km.-dir.