Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2023 04:02
Ailə qurmaq barədə tövsiyələr
aile_qurmaq
İslam Peyğəmbəri və imamlarımız qadınlarda hansı müsbət xüsusiyyətləri dəyərləndirir, özünə həyat yoldaşı seçərkən qadınlardakı hansı mənfi cəhətlərə qarşı diqqətli olmağı kişilərə tövsiyə edirdilər? Qız ataları özlərinə necə kürəkən seçsinlər? Qızları tez yoxsa gec ərə vermək məsləhətdir? Əsil-nəcabət, yaş, sosial vəziyyət baxımından tərəflər arasındakı müvazinət ailənin möhkəmliyinə necə təsir göstərir? Evlilikdən qabaq qızla oğlanın bir-biri ilə tanış olmasına hansı həddə icazə verilir? Diqqətinizə təqdim edəcəyimiz silsilə yazılarda bu kimi məsələlərlə bağlı müqəddəslərimizin tövsiyyələri ilə tanış olacaqsınız.
1. Elçilərə qarşı vasvası olmayın
Hədislərdə qız atalarına təkidlə tapşırılır ki, qızları üçün dindar, əxlaqlı, nəcib bir oğlan (kişi) elçiliyə gəlsə, yubatmadan hə cavabı versinlər. Imam Mühəmməd Baqir (ə), ondan məsləhət istəyən bir qız atasına yazmışdı: "Dindarlığını və əmanətdarlığını bəyəndiyin bir adam qapına elçi gəlsə, hər kim olursa-olsun, qızını ona ver. Əgər belə etməsəniz, yer üzündə fitnə və böyük fəsad yaratmış olarsınız" (Məkarimül-əxlaq, I, 388). "Əgər belə etməsəniz" şərtini iki mənada qəbul etmək olar. Birinci məna budur ki, əgər qızınızı dindar və əmanətdar olmayan bir adama ərə versəniz, onu (qızınızı) bədbəxt etmiş olarsınız.
Bədəxlaq atadan doğulan və onun tərbiyəsi ilə böyüyən övlad da fitnə-fəsadı yaymış olacaq. Ikinci məna budur ki, əgər dindar və əmanətdar oğlana yox desəniz, onun könlünü qırmış olarsınız. Möminin qəlbini qırmaq, onu incitmək böyük günahdır. Rədd cavabı verdiyiniz adam özünü təhqir edilmiş sayacaq, mənəvi əzab çəkəcək və bu fəsadın səbəbkarı siz olacaqsınız. Həmçinin, əgər oğlanla qızın bir-birinə meyli varsa, onlar bu halda sizdən icazəsiz evlənməyə cəhd göstərəcəklər ki, bu da arzuolunmaz haldır.
İmam Rza (ə) kasıblığına görə oğlana qız verməyən atalara nəsihət verirdi: "Dinini və xasiyyətini bəyəndiyin adama qızını ver. Onun kasıblığı sənə mane olmasın. Çünki Allah buyurub: "Allah onların hər birini Öz geniş lütfü (kərəmi) ilə ehtiyacsız edər" (Nisa, 130). "Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər" (Nur, 32)" (yux. mənbə). Həzrət Mühəmməd Peyğəmbər (s) hətta öz qohumu olan qadınları əsil-nəsəbcə onlardan aşağı dərəcədə olan kişilərə ərə verməkdən çəkinmirdi. Peyğəmbərin yaxın qohumu və Bəni-Haşim soyunun mənsubu olan bir neçə qadın o həzrətin xeyir-duası ilə sosial status baxımından özlərindən qat-qat aşağıda duran kişilərlə ailə qurmuşdu.
Məsələn, Peyğəmbər öz əmisi Zübeyr ibn Əbdülmüttəlibin qızı Zübaəni səhabəsi Miqdad bin Əsvəd Kindiyə ərə vermişdi. Miqdad Ərəbistanın cənubundakı Həzrəmovt məntəqəsində doğulmuşdu, atasının adı Əmr idi. Bəni-Kində qəbiləsindən bir nəfəri ağır yaraladığı üçün o yerlərdən qaçıb Məkkəyə gəlmişdi. Məkkədə Əsvəd ibn Əbdi-Yəğus Zühri onu oğulluğa götürdü; bundan sonra onu Miqdad ibn Əsvəd çağırmağa başladılar. Miqdad Islamın ilk günlərində iman gətirmişdi, hətta bəzi müəlliflər onu ilk yeddi müsəlmandan biri hesab etmişlər. Peyğəmbər buyurub ki, Allah bu 4 nəfəri sevir və onları sevməyi mənə də əmr edib:
Əli ibn Əbu Talib (ə), Miqdad, Əbuzər və Salman. Peyğəmbərin hədislərindən məlum olur ki, o həzrət, Zübaəni Miqdada ərə verməyi məhz cəmiyyətdəki təbəqələşmə ilə mübarizə üsulu kimi qəbul edir və müsəlmanlara nümunə gətirirdi: "Bunu ona görə etmişəm ki, biləsiniz: Allah yanında ən hörmətliniz Islamı ən gözəl şəkildə yaşayanınzdır" (Kənzül-ümmad, I, 78, hədis 313). Əlbəttə, sosial baxımdan qeyri-bərabər insanların evliliyinin bəzi arzuolunmaz cəhətləri də meydana çıxır ki, Peyğəmbərin bibisi qızı Zeynəb bint Cəhşlə o həzrətin azad olunmuş köləsi və oğulluğu olan Zeyd ibn Harisənin izdivacı buna nümunə sayıla bilər (bu barədə məqalənin növbəti bölümlərində məlumat veriləcək).
2. Qızı tez ərə vermək məsləhətdir
İslam müqəddəslərinin tövsiyələrində qız atalarına öz qızlarını ərə verməyi çox yubatmamaq məsləhət görülür. Bəlkə də müasir şəraitdə bu tövsiyələri birmənalı qəbul etmək çətindir. Amma qızların yalnız ailə daxilində fəaliyyət üçün tərbiyə edildikləri, cəmiyyət içində qadınların yüksək mövqe və karyeraya malik olmadıqları və heç bu barədə düşünmədikləri keçmiş dövrlərdə bu tövsiyələr tamamilə yerində səslənirdi. Halal ruzi ilə dolanan ailələrin maddi vəziyyəti bir qayda olaraq çətin olurdu.
Ona görə qızı tez ərə vermək həm də onu saxlamaq yükündən xilas olmaq kimi qəbul edilirdi. Xüsusilə, qız uşaqlarının tez həddi-büluğa çatdıqları isti iqlimlərdə izdivacı yubatmaq muəyyən fəsadlara da gətirib-çıxarırdı. Vaxtında ailə qurmayan qızlar ya fizioloжi cəhətdən müxtəlif xəstəliklərə düçar olur, ya da əxlaq pozğunluğuna yuvarlanırdılar. Həm də təcrübə göstərir ki, qız üçün gələn elçiləri bəyənməyən və daha yaxşısını gözləyən valideynlər çox zaman axırda yanıldıqlarını görürlər və keçmiş elçilərlə niyə razılığa gəlmədiklərinə görə peşmançılıq çəkirlər. İmam Rza (ə) qızı tez ərə vermək barədə buyurub:
Bir gün Cəbrail Həzrət Mühəmməd Peyğəmbərə (s) nazil olub söylədi ki, Allah-təala Sənə salam göndərib buyurur: "Bakirə qızlar ağacın meyvəsi kimidirlər. Meyvə yetirşdikdə, onu dərməkdən savayı əlacı olmaz. Əks halda günün istisi və külək onu zay edər. Qız uşaqları da yetkinlik yaşına çatanda əlacları yalnız ərə getməkdir. Əks halda fitnədən amanda qalmazlar". Bundan sonra Peyğəmbər camaatı toplayıb minbərə qalxdı və Allahın əmrini onlara çatdırdı (Biharül-ənvar, XVI, 223). Islamda qızı erkən yaşda ərə vermək o qədər təkid edilib ki, hətta müqəddəslərimiz qızın ilk heyz dövrünü ər evində keçirməsini atası üçün savab saymışlar. Əlbəttə, oxucular heç də bizim yetkinlik yaşından əvvəl bağlanan nikahları təbliğ etdiyimizi düşünməsinlər.
Əvvəla, ölkəmizin iqlim şəraitinə uyğun olaraq qızlar onsuz da isti Şərq ölkələrindəki qızlara nisbətən xeyli gec yetkinləşirlər. Ikincisi, biz düynyəvi dövlətdə yaşayırıq və ona görə ölkəmizin qanunlarına, o cümlədən, Ailə Məcəlləsindəki yaş həddinə riayət etməyə borcluyuq. Üçüncüsü, onsuz da müasir sosial şərait bu məsələyə baxış bucağını dəyişdirib. Qızlar keçmiş zamanlara nisbətən daha çox təhsilə, işləməyə, sosial status qazanmağa, cəmiyyətdə öz yerini tapmağa, karyera qurmağa meyllidirlər.
Əgər təqribən 100 il bundan əvvəl Azərbaycanda ərə gedən qızların orta yaş həddi üçün 13-14 yaş normal sayılırdısa, bu gün qızların nə fizioloжi, nə psixoloжi, nə sosial göstəriciləri, nə də yaşadıqları ailənin iqtisadi səviyyəsi buna imkan vermir. Istisna etmirik ki, karyera qurmaq istəyinin müsbət cəhətləri oduğu kimi, mənfi cəhətləri də olur.
Bəzən qızlar təhsil və işə o qədər aludə olurlar ki, ailə qurmağı ikinci plana qoyur, illəri ötürür və sonra bunun acı nəticəsini hiss edirlər. Bəzən isə müxtəlif növ insanlarla qarşılaşdıqları sosial həyatda asanlıqla aldanır, hətta pis yollara da düşürlər. Əlbəttə, bu kimi mənfi halların qarşısını almaq üçün qızın ailədə sağlam tərbiyə alması, valideynlərin ona yerində məsləhət vermələri və nəzarət etmələri mühüm amildir.
*************************************************************************************************************
Qızınızı bu cür adama ərə verin...
İmam Sadiq (ə) buyururdu ki, möminlər bir-birinə (izdivac üçün) həmtaydırlar; həmtay isə o adamdır ki, iffəti var. Müqəddəslərimiz dönə-dönə təkid edirdilər ki, zinakarlıqda ad çıxarmış və ya zina cəzası tətbiq edilmiş adamla (istər kişi olsun, istərsə də qadın) ailə qurmasınlar.
Amma əgər bunlar tövbə etmiş olsalar və tövbələri sübuta yetsə, yəni öz pis əməllərindən çəkinmələrini əməldə sübuta yetirsələr, bu qadağan aradan götürülər. Bu hökmün əsas dayağı Quranı-kərimin aşağıdakı ayəsidir: "Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), möminlərə haram edilmişdir" (Nur, 3). Qız atası özünə kürəkən seçərkən onun dindarlığı ilə yanaşı, əxlaqına və xasiyyətinə də diqqət yetirməlidir.
Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Hər kim öz qızını fasiqə ərə versə, yaxın qohumu (yəni qızı) ilə rabitəni birdəfəlik qırmış kimidir". Burada fasiq - ardıcıl günah edən, mərəviyyatdan uzaq bir həyat tərzi yaşayan, tövbə haqqında heç düşünməyən şəxs deməkdir. Hədislərdə şərab (spirtli içki) içən, əyyaşlıq edən adama qız vermək də ciddi surətdə qadağan edilib. Peyğəmbər buyururdu ki, şərab haram edildikdən sonra hər kim onu içsə, o adama qız vermək olmaz (hədislər "Məkarimül-əxlaq" kitabındandır, I, 390). Imam Rza (ə) isə atanın öz qızını şərabxora ərə verməsini, onu zinaya sürükləməsi kimi dəyərləndirirdi.
Dindar oğlana qız verməyin xeyrini və müsbət nəticəsini Imam Həsənin (ə) aşağıdakı hədisindən öyrənə bilərik. O həzrətin tərəfdarlarından birinin evinə elçi gəlir və həmin adam qızını ərə verib-verməmək barədə imamla məsləhətləşir. Həzrət Həsən (ə) ona məsləhət verir: "Qızını təqvalı (Allahın halal-haramını bilən, Allahdan qorxan) adama ərə ver. Əgər o adam sənin qızını sevsə, ona hörmət edər və onu əziz tutar. Əgər qızına qəzəblənsə, ona zülm etməz" (Məkarimül-əxlaq, I, 379-380).
Oğlanın xasiyyətini də izdivac zamanı nəzərə almaq lazımdır. Pis xasiyyətli, hər hansı mənfi vərdişə aludə olan, başqaları ilə yola getməyən, ətrafındakıları incidən adamla qohum olmaq dinimizdə bəyənilmir. Hüseyn ibn Bəşar adlı səhabə Imam Musa Kazimə (ə) məktub yazıb soruşur ki, qohumlarımdan biri qızımı məndən istəyir, amma o adamın xasiyyəti pisdir. Nə məsləhət görürsünüz? Imam cavab yazır: "Əgər xasiyyəti pisdirsə, qızını ona vermə" (Məkarimül-əxlaq, I, 387).
4. Qadının gözəlliyi və sərvəti deyil, dindarlığı əsasdır
İslam dini hər şeydən əvvəl ailənin möhkəm və sağlam mənəvi təməllər üzərində qurulmasına təkid edir. Doğrudur, ailənin qurulması və yaşaması fizioloжi, sosial, iqtisadi amillərdən də asılıdır. Amma bunların sırasında dini-əxlaqi amil birinci yerdə durur.
Ailə quran tərəflərin əxlaqlı, mənəvi cəhətdən sağlam və dindar olması Islamda əsas şərtlərdən sayılır. Həzrət Mühəmməd Peyğəmbər (s) ailə quruluşunun əsasını təşkil edən səbəbləri açıqlayarkən dini amilə üstünlük verirdi: "Qadınla dörd səbəbdən evlənərlər: mal-dövlətinə görə, dininə görə, gözəlliyinə görə və əsil-nəsəbinə görə. Sən dindar qadını seç" (Kənzül-ümmal, hədis 44602).
Həmçinin, Peyğəmbər müsəlmanlara tövsiyə edirdi ki, qadının gözəlliyini dindarlığından üstün tutmasınlar, yəni evlənərkən sadəcə görünüşcə yaraşıqlı qadınları dindar qadınlardan üstün bilməsinlər (yux. mənbə, hədis 44590). İslam Peyğəmbəri buyururdu ki, əgər qadınla gözəlliyinə görə evlənsən (belə ki, əgər bu gözəllik onda olmasaydı, onunla evlənməzdin), bil ki, onunla razılıq içində yaşamazsan. Əgər qadınla yalnız sərvətinə görə ailə qursan (belə ki, əgər sərvəti olmasaydı, onunla evlənməzdin), Allah səni o qadınla və həmin sərvətlə baş-başa buraxar. Allah hər kimi Özündən kənar edib özbaşına buraxsa, o adam həlak olar. Mal-dövlət amili üzərində qurulan ailələr bir qayda olaraq möhkəm olmur.
Çünki əvvəla, mal-dövlət ötəridir, daimi deyil. Ailə qurulduqdan sonra varlı tərəf öz sərvətini itirib müflisləşəndə, bu, həmin ailənin təməllərinin sarsılmasına səbəb olur; axı ailə məhz bu təməlin üzərində qurulmuşdu. Ikincisi, var-dövlətə görə qurulan ailələrdə səmimiyyət və sevgi olmur. Varlı tərəf adətən özünü qarşı tərəfdən üstün tutur və bu cəhət onların münasibətində həmişə özünü büruza verir. Qudurğanlıq, əldə edilənə qane olmamaq, israf kimi hallar da belə ailələrin bünövrəsinə ciddi zərbə vurur. Qadınla yalnız gözəlliyinə görə evlənən adam da özünü həqiqi xoşbəxt saya bilməz.
Çünki gözəllik zamanla birlikdə gedir, illər gözəlliyi məhv edir. Həmçinin, gözəlliyin özü də nisbi məfhumdur. Hər bir gözəl qadından daha gözəli vardır. Qadına yalnız gözəlliyinə görə dəyər verən insan daha yaraşıqlı biri ilə rastlaşsa, ona meyl edəcək. Nəhayət, gözəl qadınla evlənən kişi onu qorumağın və qeyrətini çəkməyin əziyyətini də daha çox hiss edəcək.
Çünki gözəllik qadın üçün üstünlük olduğu kimi, günahlara düşmək vasitəsi də ola bilər. Yaraşıqlı qadın daha çox Şeytanın vəsvəsələrinə hədəf olur və bu gözəllik onun həyat yoldaşı üçün bəzən nemətdən daha çox sınağa çevrilir. Allahın buyurduğu dəyərləri - dini, əxlaqı, mənəviyyatı əsas tutaraq evlənən şəxs Allahın lütfü ilə bütün başqa nemətlərə də sahib çıxar. Imam Cəfər Sadiq (ə) buyururdu ki, əgər qadını dininə görə alsan, Allah gözəlliyi və mal-dövləti də sənin ailənə bəxş edər.
*************************************************************************************************************
Hansı qadınlarla evlənmək məsləhətdir?
Ailə müqəddəsdir. Ailə qurmaq insan həyatında bəlkə də ən mühüm və məsuliyyətli addımdır. Çünki insanın gələcəyi, mənəvi rahatlığı, nəsli, namusu - hər şey bu addımın düzgün olub-olmamasından asılıdır. Ölçüb-biçmədən, başdansovdu tələskənliklə qurulan ailələr ya bədbəxtliyə, ya da dağılmağa məhkumdur. İslam müqəddəsləri ailə quran tərəflərin bu məsələyə tam ciddiyyətlə yanaşmalarını tövsiyə etmişlər. Hətta bəzi hədislərdə ailənin zəncirə, köləliyə bənzədilməsi də bu işin ciddiliyini qabartmaq məqsədi daşıyır. Imam Cəfər Sadiq (ə) buyururdu: "Qadın zəncirdir, baxın ki, özünüzü hansı zəncirə bağlayırsınız. Istər yaxşı, istərsə də pis qadının tayı-bərabəri yoxdur. Yaxşı qadının qiymətini qızıl-gümüşlə də ölçmək olmaz; çünki yaxşı qadın qızıl-gümüşdən də dəyərlidir. Pis qadın heç torpağa da tay tutula bilməz; çünki torpaq ondan yaxşıdır" (Şeyx Səduq. Məaniyyül-əxbar, səh. 144). İslam böyüklərinin kəlamlarını incələyərkən hansı qadınlarla evlənməyin xeyirli olduğu barədə xeyli məsləhətlərə rast gəlirik. Aşağıda bunları xülasə etməyə çalışacağıq.
a. Dindarlıq
Bu xüsusiyyət barədə məqalənin bundan əvvəlki bölümündə məlumat vermişdik.
b. Əsil-nəcabət
İslam dini evləndiyiniz qadının əsil-nəcabətinə diqqət yetirməyə xüsusi önəm verir. Məlumdur ki, valideynin xarakterinin bir çox cəhətləri genetik olaraq övlada ötürülür. Üstəlik, övladın hansı ailədə böyüməsi və tərbiyə alması da çox şeyi həll edir. Doğrudur, bəzi hallarda istisnalar mümkündür. Necə deyərlər, Allah ölüdən dirini (yəni pisdən yaxşını) və diridən ölünü (yəni yaxşıdan pisi) çıxarmağa (törətməyə) qadirdir və tarixdə bu cür nümunələr az da olsa var. Amma əksər hallarda əxlaqsız, xəbis valideynin övladı da onun özünə oxşayır. Əksinə, nəcib, həyalı adam öz balasını da özü kimi tərbiyə edir.
Qız uşaqları ilə bağlı məsələ daha ciddidir. Ata-babalarımız əbəs yerə deməyiblər: "Astarına bax, bezini al; anasına bax, qızını al". İslam müqəddəsləri müsəlmanlara məsləhət görürdülər ki, bir kəslə qohum olanda onun əsil-nəcabətinə diqqət yetirsinlər. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Nəcib ailələrlə izdivac edin; çünki qan böyük təsirə malikdir".
Yəni unutmayan ki, evləndikdən sonra dünyaya gələcək övladınızın damarlarında sizin qanınızla yanaşı, həyat yoldaşınızın da qanı axacaq və o nəslin xüsusiyyətləri də qanla övladlarınıza keçəcək. Peyğəmbər kişilərə müraciət edərək buyururdu ki, "nütfənizi yerləşdirmək üçün yeri diqqətlə seçin. (Yəni nütfənizi hansı qadının bətnində yerləşdirəcəyinizi yaxşı-yaxşı düşünün). Qadınlar adətən öz qardaşlarına və bacılarına bənzər uşaqlar doğurlar" (bax: Kənzül-ümmal, hədis 44557 və 44559).
İslam Peyğəmbərinə mənsub edilən məşhur bir hədisdə buyurulur: "Xəzraüd-diməndən (yəni zibillikdə bitən otdan) uzaq olun". Soruşdular ki, xəzraüd-dimən nədir? Həzrət cavab verdi: "Pis mühitdə böyüyən yaraşıqlı qadın" (Biharül-ənvar, 103-cü cild, səh. 232). Diqqət yetirilməli məsələ budur ki, əsil-nəcabət deyərkən heç də varlı ailədən və ya ad-sanlı nəsildən evlənmək nəzərdə tutulmur. Əsil-nəcabət ailənin halal, saf, vicdanlı və əxlaqlı olması deməkdir.
c. Seyyidə qadınla evlənmək
Evlənərkən (və ya ərə gedərkən) Peyğəmbər nəslinə mənsub seyyid namizədə üstünlük vermək də məsləhətdir. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub; "Qiyamət günündə bütün evlilik və əsil-nəsəb bağlılıqları qırılacaq (fayda verməyəcək); yalnız evlilik və əsil-nə¬səb vasitəsilə mənə bağlılıqdan savayı" (Süyuti. Əl-Cameüs-səğir, 6309-cu hədis). Həzrət Mühəmməd Peyğəmbər (s) seyyidə qadınlarla evlənməyin xeyrini belə izah edirdi: "Kişilər üçün ən yaxşı həyat yoldaşları Qüreyş soyundan olan qadınlardır. Çünki onlar öz ərlərinə qarşı çox mehriban, öz övladlarına qarşı çox rəhmlidirlər".
ç. Qızla evlənmək yaxşıdır, yoxsa dul qadınla?
Ötən bölümlərdə qız uşaqlarının həddi-büluğa çatdıqdan sonra tez ərə verilməsini təşviq edən hədisləri diqqətinizi təqdim etdik. Buradan aydın olur ki, dinimizdə bakirə qızla evlənmək daha məsləhətli sayılır. Çünki ərdə olub boşanmış və ya dul qalmış qadın adətən daha yaşlı olur, ömrünün ən təravətli dövrünü arxada buraxmış olur, bəzən birinci evlilikdən sahib olduğu övladı da özü ilə birlikdə ikinci ər evinə gətirir. Bütün bu hallar sonrakı evlilikdə tez-tez problemlər yaradır. Təkrar evlilik zamanı qadın ikinci ərini bundan əvvəlki həyat yoldaşı ilə müqayisə etmək imkanına da malik olur.
Əgər bu müqayisə zamanı keçmiş həyat yoldaşının daha üstün olduğu qənaətinə gəlirsə və ehtiyatsızıq üzündən bu qənaəti hazırki ərinə çatdırırsa, ailədə ciddi narazılıqlar yaranır. Əlbəttə, Islam tarixində müqəddəs şəxslərin dul qadınlarla evlənməsi barədə xeyli nümunələr vardır. Bu nümunələr dul qadınla evlənməyin heç də arzuedilməz hal olmadığını düşünməyə kifayət qədər əsas verir.
Sadəcə olaraq, bunu nəzərə almaq lazımdır ki, həyatının ən təravətli illərini başqa bir kişi ilə yaşayıb sonra tək qalmış, yaşı ötmüş, hətta övlad sahibi olmuş qadına sahib çıxmaq, ona ailə xoşbəxtliyini bir daha duymaq imkanını vermək, ayrı-seçkilik salmadan onun balalarına atalıq etmək kişidən böyük ürək tələb edir. Hər bir kişi buna hazır və qadir ola bilməz. Bunu etmək üçün Həzrət Mühəmməd Peyğəmbər (s) kimi mənəviyyat, qayğı, məsuliyyət sahibi olmaq lazımdır.
Məhz bu baxımdan bəzi hədislərdə dul qadınla evlənmək hətta müsbət hal kimi təqdim edilir. Dul qadınla evlənmək yuxarıdakı mənfi nəticələrə səbəb olmaqla yanaşı, bəzi müsbət hallara da qapı aça bilər. Dul qadın adətən ailə təcrübəsinə malik olduğu üçün, təkrar evlilikdə öz həyat yoldaşı və onun yaxın qohumları ilə tez dil tapa bilir. Xüsusilə, kişinin əvvəlki izdivacdan uşaqları və ya kiçik bacı-qardaşları varsa, dul qadınla evlənməsi yerinə düşmüş olur. Rəvayətə görə, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Cabir ibn Abdullah Ənsaridən soruşdu ki, niyə bakirə qızla deyil, dul qadınla evlənmisən? Cabir cavab verir: "Evdə çoxlu bacım var. Dul qadın aldım ki, onlarla yaxşı yola getsin". Peyğəmbər Cabirin bu cavabını bəyənib ona əhsən dedi.
Bu qadınlarla evlənməyin.
Müqəddəslərimiz pis qadının xüsusiyyətləri barədə fərqli fikirlər söyləmişlər. Məsələn, Həzrət Mühəmməd Peyğəmbərin (s) bir hədisində "qadınların ən pisi mehriyyəsi çox olan, doğuşu çətin keçəndir" buyurduğu halda, Imam Cəfər Sadiq (ə) bir hədisdə mehriyyəsi çox olan və ərinin üzünə ağ olan qadını, başqa bir hədisdə isə dolanışığı rahat (yəni ünsiyyətcil və ya az xərc tələb edən) və doğuşu çətin olan qadını nəhs (bəd) qadın kimi dəyərləndirirdi (Biharül-ənvar, 103-cü cild, səh. 229-231).
Üstəlik, Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur hədislərinin birində deyilir: "Qadınların ən yaxşısı cəmalı gözəl, mehriyyəsi az olanıdır". Göründüyü kimi, yuxarıdakı hədisləri ümumiləşdirərək, qadının müsbət xüsusiyyətlərini bu cür sıralaya bilərik:
a) ərinin üzünə ağ olmasın;
b) mehriyyəsi az olsun;
c) doğuşu rahat keçsin.
a) Qadının ərinə qarşı çıxmaması ailə xoşbəxtliyinin, rahat həyatın əsas şərtlərindəndir. Öz ərini incidən, qazandığından artıq pulu ondan tələb edən qadın Islam mənbələrində ciddi məzəmmət olunur. Ərinin narazılığına səbəb olan qadın hədislərdə lənətə layiq bilinir, onun heç bir ibadətinin (namaz və orucunun da) qəbul edilmədiyi buyurulur.
Peyğəmbər buyurub ki, əgər qadın dünyanın bütün qızıl-gümüşünü qazanıb evə gətirsə, amma günlərin birində ərinə: "Sən kimsən axı? Bütün bunlar mənimdir" desə, bütün əməlləri (ibadətləri) zay olub gedər. Yalnız tövbə edib ərindən üzr istəməklə bu cəzadan xilas ola bilər. Həmçinin, Salmani-farsi Peyğəmbərdən rəvayət edirdi ki, əgər qadın öz ərinin boynuna minnət qoyub: "Sən mənim malımdan yeyirsən" desə, həmin mal-dövləti Allah yolunda sədəqə versə belə, yenə üzr istəyib ərini razı salmayınca Allah qəbul etməz (Məkarimül-əxlaq, I. 385). Oxucuların diqqətinə çatdırırıq ki, bu kimi hədisləri kişilərin əzizlənməsi və ya qadınların mülkiyyət hüququnun inkarı kimi qəbul edənlərn fikri düzgün deyil.
Sadəcə olaraq, kişinin qadına xərclədiyi pulları onun üzünə vurması hədislərdə necə tənqid edilirsə, qadının da eyni hərəkəti tənqid atəşinə tutulur. Mənbələrə diqqət yetirsək, kişilərə qadınlarla mehriban və dözümlü davranmaq barədə edilmiş tövsiyələr qadınlara kişiləri incitməmək barədə edilmiş tövsiyələrdən qat-qat çoxdur. Elə bu kifayət edər ki, Həzrət Mühəmməd Peyğəmbər (s) vida həccində zəruri bildiyi ən mühüm dini hökmləri son dəfə müsəlmanlara elan edərkən buyurmuşdu:
"Sizə qadınlarla yaxşı davranmağı vəsiyyət edirəm. Onlar sizin üçün ən çətin işləri görürlər, özlərinin əmlakı yoxdur. Siz onları Allahın əmanəti kimi almısınız...". Üstəlik, kişilərə həmişə tövsiyə edilir ki, qadının şıltaqlıqlarına dözsünlər. Arvadının pis xasiyyətinə səbr edib dözən kişi Allah yanında ən böyük mükafatlara layiq bilinir. Peyğəmbər buyururdu ki, hər kim arvadının pis xasiyyətinə səbr etsə, hər gecə-gündüzün əvəzində Allah ona Eyyub Peyğəmbərin (ə) bəlalara dözməklə qazandığı qədər savab verər). Həzrət Mühəmməd Peyğəmbərin (s) dualarından biri də bu idi: "Ilahi! Qocalıq yaşından əvvəl məni qocaldan qadından Sənə pənah aparıram!" (Əl-Kafi, V, 326).
b) Qadına eyib gətirən ikinci cəhət mehriyyəsinin çox olmasıdır. Əlbəttə, mehriyyənin konkret məbləği dini hökmlərdə müəyyən edilməyib. Bu məlumdur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) öz qızı Fatiməni (ə) Əli ibn Əbu Talibə (ə) 500 dirhəm mehriyyə müqabilində ərə vermişdi.
Həmçinin, Peyğəmbərin özünün də həyat yoldaşlarına adətən təqribən 400 dirhəm həcmində mehriyyə verdiyi barədə rəvayətlər var. Amma bunlar son hədd deyil və mehriyyənin məbləğini təyin etmək hüququ qadına məxsusdur. Hətta vaxtilə xəlifə Ömər ibn Xəttab yuxarıdakı misallara əsasən, mehriyyənin son həddini 400 dirhəm məbləğində təsbit etmək istədikdə qadınlar ona etiraz etmiş və hər bir qadının özü istədiyi qədər mehriyyə tələb etmək hüququna malik olduğunu söyləmişdilər; xəlifənin də bununla razılaşmaqdan və qadınlar qarşısında üzr istəməkdən başqa çarəsi qalmamışdı.
Qeyd edək ki, 400 və ya 500 dirhəm o zaman üçün heç də böyük məbləğ deyildi və Əli (ə) bu pulu öz zirehini satmaqla əldə etmişdi. Qadının alicənablığı bundadır ki, gələcək həyat yoldaşından çox böyük miqdarda mehriyyə istəməsin. Çünki bu zaman kişi özünü ağır bir basqı altında hiss edəcək. Bəzən qadınlar mehriyyə olaraq ağlasığmaz məbləğdə pul və ya mal tələb etməklə, əslində boşanmanı mümkünsüz etmək məqsədi güdürlər. Kişi mehriyyəni ödəmək gücündə olmadığı üçün, qadına talaq verə bilmir, onun bütün şıltaqlıqlarına dözməli olur. Islam ailədə hər şeydən əvvəl səmimyyəti əsas tutduğu üçün, bu halı qətiyyən bəyənmir.
c) Nəhayət, qadının üçüncü nöqsan cəhəti doğuşu çətin keçirməsi və ya hətta sonsuz olmasıdır. Dinimizdə ailə qurulmasının əsas səbəblərindən biri də oğul-uşaq sahibi olmaq sayılır. Təsadüfi deyil ki, övlad sahibi olmağa çox da meyllənməyən Qərb ailələrindən fərqli olaraq, Şərq ailəsini üşaqsız (özü də bir neçə uşaqsız) təsəvvür etmək çətindir. Həzrət Mühəmməd Peyğəmbər (s) müsəlmanlara evlənməyi və artıb-törəməyi tövsiyə edirdi. O həzrət buyururdu ki, qiyamət günündə mən öz ümmətimin sayının çoxluğu ilə digər peyğəmbərlərin qarşısında fəxr edəcəyəm.
Buna görə də öz ərinə sağlam və nəcib övlad bəxş edən qadın Islamda yüksək qiymətləndirilir. Hətta tövsiyə edilir ki, kişi özünə həyat yoldaşı seçərkən, onun mənsub olduğu nəsildə qadınların oğul-uşaq sahibi olduğunu (yəni sonsuz olmadığını) araşdırsın. Bir nəfər Peyğəmbərin yanına gəlib dedi: "Mən öz əmim qızı ilə evlənmək istəyirəm. Onun gözəllyindən də, dinindən də razıyam.
Amma bir eybi var ki, sonsuzdur". (Ola bilər ki, həmin qadın bundan əvvəl ərdə olmuş və sonsuzluğu aşkara çıxıbmış). Peyğəmbər ona məsləhət görür ki, əmisi qızı ilə evlənmək fikrindən vaz keçsin. Sonra o həzrət keçmiş peyğəmbərlərin həyatından bir misal gətirir. Məlumdur ki, Yusif Peyğəmbərin (ə) qardaşı Benyamin Onu çox sevirdi. Digər qardaşları Yusifi (ə) kölə kimi satandan sonra Benyamin Onun ayrılığına çox üzülmüşdü. Illər ötdükdən sonra Həzrət Yusif (ə) qardaşları ilə görüşəndə Benyamindən soruşdu: "Necə oldu ki, mənim ayrılığıma dözdün, hətta özünə arvad da aldın?".
Benyamin cavab verdi: "Atamız Həzrət Yəqub (ə) mənə tapşırdı evlənim ki, övlad sahibi olum və yer üzündə Allahı ibadət edənlərin sayı artsın" (Əl-Kafi, V, 333). Rəvayətə görə, Həzrət Əlinin (ə) qardaşı Əqil ərəblərin əsil-nəsəbini gözəl bilirdi; belə adamlara "nəssabə" deyirlər. Imam Əli (ə) Həzrət Fatimənin (ə) vəfatından bir müddət sonra Əqildən xahiş etdi ki, ərəb qəbilələrindən onun üçün evlənməyə bir qadın seçsin. Həzrət Əli (ə) gələcəkdə baş verəcək müharibələr zamanı şücaətli oğullara arxalanmaq istəyirdi.
Ona görə qardaşından xahiş etdi: "Elə bir qadın seç ki, mənə şücaətli oğullar bəxş etsin". Əqil Imama məsləhət gördü ki, Bəni-Kilab qəbiləsindən Fatimə bint Hizamla evlənsin; çünki onun nəsli igidlikdə məşhur idi. Fatimə bint Hizam Həzrət Əliyə (ə) dörd oğul bəxş etdi: şücaət nümunəsi olan Həzrət Əbülfəzl Abbas, Qasim, Cəfər və Osman. Bunların dördü də aşura günü Kərbəlada igidlik göstərib şəhid oldular. Fatimə bu oğullara görə "Ümmül-bənin" (yəni oğullar anası) künyəsini qazanmışdı.