Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2023 21:40
Böyük dövlətlər son zamanlar Arktika uğrunda çox ciddi savaş başladıb və bu, yeni məsələ deyil. Amma bu savaş getdikcə daha çox qızışır.
Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
"Alimlərin fikrincə, Arktikada çox böyük təbii ehtiyatlar var. Bildirilir ki, orada indiyənə qədər insanlığın istehlak etdiyi neft və qazdan daha çox həcmdə yataqlar mövcuddur. Ona görə də böyük dövlətlər Arktika uğrunda savaşı genişləndiriblər. Hətta Finlandiyanın da, İsveçin də NATO-a üzvlük məsələsi həmin o mübarizənin tərkib hissəsidir. Çünki bu iki ölkənin Arktikaya çıxış imkanları var", - Cəfərli bildirib.
Ekspert qeyd edib ki, rəqabətin daha bir səbəbi Şimal yoludur:
"Əvvəllər ilin 8-9 ayı Şimal yolu buz bağlayırdı. İndi isə qlobal istiləşmənin təsiri ilə həmin yol ilin 6 ayı ərzində işlək olur. Bu da dünya ticarətinə çox ciddi imkanlar yaradır. Ona görə də ABŞ, Kanada, Rusiya, hətta coğrafi olaraq heç bir aidiyyəti olmasa da, Çin və bir çox ölkə Arktika uğrunda savaşır. Çox güman ki, yaxın illərdə Arktika uğrunda savaşın daha şiddətli olacağını müşahidə edəcəyik".
Qeyd edək ki, ABŞ Arktikadakı ərazisini genişləndirdiyini açıqlayıb.