Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2023 21:15
"Bilirsiniz ki, uzun illərdir gənclərlə çalışıram. Mən onların inkişafı üçün əlimdən gələn bütün səyləri əsirgəməməyə çalışıram. Aybəniz Haşımova adına İncəsənət filarmoniyası ideyası məhz oradan doğdu".
Sonxeber.net xəbər verir ki, bu fikirləri musavat.com-a açıqlamasında Əməkdar artist Aybəniz Haşımova bildirib.
Əməkdar artist adını daşıyacaq İncəsənət filarmoniyasından danışıb:
"İstəyirəm ki, tələbələrim bizim məktəbi - sənət akademiyasını bitirəndən sonra öz yaradıcılıqlarını məhz filarmoniyamızda davam etdirsinlər və musiqimizə xidmət etsinlər. Ağaverdi Paşayevlə birgə hazırladığımız Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası məhz o gənclərimizin ifasında inşallah Yeni ildən sonra təqdim olunacaq. Artıq bir neçə müddətdir məşqlər gedir. Demək olar ki, operatta hazırdır. Sadəcə səhhətimdə bir az problem yaranıb deyə təxminən 15 günlük dayanmışam. Yeni ildən sonra gənclərimizin uğurlarını görəcəksiniz".
Aybəniz Haşımova filarmoniyanın məkanından da söz açıb:
"Hələ ki, yer seçilməyib. Lakin biz bunun üzərində çalışırıq. İlk növbədə binanın daxilində sənət inkişaf etməlidir. Bakının müxtəlif gözəl binaları var ki, hər birində biz bu əsəri təhvil verə bilərik. Biz ilk növbədə əsəri təhvil verməyə çalışırıq. Binanın yeri təyin olunanda, açılışı olanda bundan mütləq xəbər tutacaqsınız".
Əməkdar artist Yeni il diləklərini də çatdırıb:
"Sizin qarşıdan gələn Yeni ilinizi təbrik edirəm. Sizə ilk növbədə can sağlığı, uzun ömür arzu edirəm. Arzu edirəm ki, bu Yeni ildə bütün gözəl arzularınıza çatasınız".
"Yeni Müsavat" Media Qrupu olaraq biz də Əməkdar artist Aybəniz Haşımovanı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik.