Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2019 14:16
Bakı. Trend:
“Azərxalça”nın filiallarında çalışan toxucuların əməkhaqqı ilə əlaqədar antimilli ünsürlərin sosial şəbəkələrdə yaydığı məlumatlar həqiqəti əks etdirmir. Bu, onların Azərbaycan dövlətinə qarşı apardığı növbəti qaralama kampaniyasıdır.
Bunu Trend-ə açıqlamasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tural Səfərov deyib.
Mətbuat katibi bildirib ki, xalqımızın gözəl bir atalar sözü var: “Kar eşitməz uydurar”. Azərbaycandan kənarda yaşayıb öz ölkəsi haqqında qarayaxma kampaniyası aparan antimilli ünsürlərin böhtan dolu çıxışlarına baxanda bu atalar sözü yada düşür. Guya Azərbaycan xalqının “dərdinə yanan” bu vətənsizlər bütün dünyanın bildiyi, qəbul etdiyi reallıqları deyil, öz uydurduqlarını, yuxularını danışırlar.
Tural Səfərovun sözlərinə görə, belə antimilli ünsürlərdən biri bu günlərdə “Azərxalça”nın Qəbələ filialının açılışında ölkə başçısı ilə xalçaçılar arasında olan dialoqu öz “dünyagörüşünə”, “savadına” uyğun guya şərh edib. Bu bisavad iddia edir ki, xalçaçılar ay yarıma 250 manatdan az əməkhaqqı alırlar. Bizim dəyərli oxucuların çoxunun bu barədə məlumatı var. Ancaq bilməyənlər üçün bir daha xatırladaq ki, “Azərxalça”nın filiallarında çalışan xalçaçılar toxuduqları hər kvadratmetr xalçaya görə 250 manat əməkhaqqı alırlar. Bu filiallarda yeni xalça toxumağa başlayanlar belə ay ərzində bir kvadratmetrdən çox xalça toxuyur. Bu da o deməkdir ki, filiallarda ən az əməkhaqqı alan toxucunun aylıq maaşı 250 manatdan çoxdur. Bircə misal çəkəcəm. Bu günlərdə “Azərxalça”nın Ağdam filialında gənc toxucu Məleykə Qasımova ilə həmsöhbət oldum. O, "Azərxalça"nın təşkil etdiyi tədris-hazırlıq kursunu bitirərək sertifikat alıb və Ağdam filialında işlə təmin olunub. Məleykə bir ildən çoxdur ki, burada çalışır. Deyir ki, hər ay təqribən 1.5 kvadratmetr xalça toxuyur. Onun bacısı Gülçin də Ağdam filialında işləyir. O da 1.5 kvadratmetr xalça toxuyur. Onlar ayda 800 manata yaxın əməkhaqqı alırlar. Məleykənin söhətimiz zamanı dediyi bu sözləri olduğu kimi oxucuların diqqətinə çatdırıram: “Quzanlıda bir ailənin iki gənc övladının bu qədər əməkhaqqı alması Prezidentimizin yaratdığı şəraitin bariz nümunəsidir. Biz çalışırıq ki, göstərilən qayğıya cavab olaraq gözəl və keyfiyyətli xalçalar toxuyaq".
Bu, “Azərxalça”da çalışan minlərlə toxucunun sadəcə birinin fikirləridir. Əminliklə deyirik ki, bütün toxucular bu fikirdədir.
Tural Səfərov deyib ki, son üç ildə “Azərxalça”nın 21 filialı fəaliyyət başlayıb. Həmin xalça istehsalı emalatxanalarında 1500 nəfərdən çox toxucu qadın çalışır. Nəzərə alsaq ki, bu qadınların əksəriyyəti işsiz insanlar idi, o zaman dövlətin bu layihəsinin nə qədər əhəmiyyətli olduğunu söyləmək üçün əlavə şərh verməyə ehtiyac qalmır.
Prezident İlham Əliyev xalçaçılığın inkişafına ciddi diqqət yetirməklə strateji məqsədləri reallaşdırır. Əvvəla, milli dəyərimiz olan Azərbaycan xalçası yaşadılaraq gələcək nəsillərə ötürülür. Digər tərəfdən dünya bazarında bahalı məhsullar kateqoriyasına daxil olan xalça satışından ölkəmizə xeyli valyuta gələcək. Daşına bilər bu məişət əşyasını dünyanın istənilən yerinə aparmaq mümkündür. Deməli, milli naxışlarımızla bəzədilən xalçamızı alan xarici ölkə vətəndaşlarının evlərində bir Azərbaycan möhürü olur. Bu da Azərbaycanın, milli tariximizin, dəyərlərimizin təbliği baxımından olduqca əhəmiyyətlidir.
“Mən soruşmaq istəyirəm. Xalçaçılıqla bağlı “dahiyanə” fikirlərini paylaşan radikal ünsürlər yaşadıqları Avropa ölkələrində bir dəfə belə olsun milli dəyərimiz olan Azərbaycan xalçalarından danışıblarmı? Qarabağda toxunan xalçaların Azərbaycan xalqının qədim tarixini özündə əks etdirdiyini, məhz elə bu xalçaların Qarabağın qədim Azərbaycan torpağı olduğunu sübuta yetirdiyini bəyan ediblərmi? Ermənilərin xalçaçılaqla bağlı fikirlərinin saxta, yalan olduğunu yaşadıqları ölkələrin sakinlərinə izah ediblərmi? Bu qaragüruhçuların hansı biri Azərbaycanın qədim tarixinin, milli mədəniyyətinin, milli dəyərlərinin təbliğatçısına çevrilib? Cavab birmənalıdır – heç biri. Niyə? Ona görə ki, bu adamlarda milli hissdən, vətənpərvərlikdən əsər əlamət yoxdur.
Bəzən düşünürəm ki, belə adamlar danışdıqları yalanlara, atdıqları böhtanlara, öz xalqlarına düşmənçilik etdiklərinə görə heç vicdan əzabı çəkmirlər? Elə bu an Fransa maarifçilərinin görkəmli nümayəndəsi Volterin sözləri yada düşür: “Vərdişə çevrilmiş əməllərə görə insan heç vaxt vicdan əzabı çəkmir”. Bəli, belə insanları ictimai qınaqla cəzalandırmaq, islah və tərbiyə etmək lazımdır. Əlbəttə ki, onların çoxunu xalqımız özü cəzalandırır: dövlətinə, liderinə, milli dəyərlərinə sahib çıxmaqla”- deyə Tural Səfərov əlavə edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin