Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2024 00:30
Nə namaz qıldıqda, nə də dəstəmaz aldıqda çəkmələri çıxartmaq lazımdır. Buna ehtiyac yoxdur. Dəstəmaz aldığınız vaxt onların üstündən məsh çəkin. Əgər ayaqqabılarınıza bulaşan bir natəmizlik varsa, torpağa sürtüb təmizləyin. Ayaqqabı ilə namaz qılmaq barədə ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:
Əlavə olaraq, əgər gecə növbəsində namaz vaxtının çıxmaq ehtimalı varsa, namazları birləşdirib qıla bilərsiniz (cəm etmək). Xüsusilə də qış aylarında. Günorta (zöhr) və ikindi (əsr) namazlarını, axşam (şam, məğrib) və gecə (xüftən) namazlarını postda keşik çəkdiyiniz üçün cəm edə bilərsiniz. Misal üçün, əgər ikindi vaxtında növbədə olmalısınızsa, günorta vaxtı niyyət edib zöhrlə əsri birləşdirə bilərsiniz. Yaxud da axşam vaxtı növbədəsinizsə, şamla xüftəni cəm edə bilərsiniz.
Sübh namazını isə birləşdirmək olmaz. Əgər bu vaxt qarovuldasınızsa, silahınızı əlinizdən buraxmadan, ayıq-sayıq olmaq şərti ilə elə olduğunuz yerdə və ya yeriyə-yeriyə işarə yolu ilə namaz qıla bilərsiniz. Postu (keşik çəkdiyiniz yeri) tərk etməyinizə ehtiyac yoxdur. Allah bu barədə belə buyurur:
"Əgər qorxu halındasınızsa, namazı yeriyə-yeriyə və ya minik üstündə qılın. Təhlükə sovuşub getdikdə də bilmədiyiniz şeyləri sizə başa salan Allahın öyrətdiyi kimi (namaz qılaraq) Allahı yad edin". (Bəqərə, 2/239)
İslam dinində müəyyən asanlıqlar var. İmkan daxilində bu asanlıqlardan istifadə etmək lazımdır. Əsgərlik kimi çətin xidməti yerinə yetirənlər öz vəzifələrində nöqsana yol vermədən dindəki asanlıq və sadələşdirmələrdən istifadə edə bilərlər.