Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa Azərbaycanla Ermənistan arasında sülh olmasını istəmir

Fransa Azərbaycanla Ermənistan arasında sülh olmasını istəmir

Tarix: 19 Yanvar 2024 09:45

"Azərbaycana qarşı qərəzli siyasətini davam etdirən rəsmi Paris artıq bütün diplomatik normaları pozaraq nəinki ölkəmizin daxili işlərinə müdaxilə etmək istəyir, eyni zamanda ölkələrarası münasibətləri pozmaqdan da çəkinməyərək açıq formada qarayaxma kampaniyası aparır.Yanvarın 17-də Fransa Senatında ötən ilin dekabrın 1-də təklif edilmiş partiyalararası qətnamə müzakirə edilib və səsə qoyulub. Tamamilə həqiqətdən uzaq, əsassız, Yelisey sarayının sifarişi əsasında hazırlanmış absurd bəyanatlarla dolu bu sənəd fransalı parlamentarilərin mütləq əksəriyyətinin sanki "ürəyindən xəbər verib". Senatın 337 üzvündən 336-sı Fransa üçün rəzalət sayıla biləcək bu sənədin lehinə səs verib".

Milli.Az xəbər verir ki bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib. Deputat bildirib ki, həmin parlamentarilər öz müraciətlərində hətta Azərbaycana qarşı cəza sanksiyalarının qəbul olunmasına da çağırış ediblər: "Fransanın anti-Azərbaycan siyasəti artıq bütün qırmızı çizgiləri keçib. Məhz bu səbəbdən ötən gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib. Bəyanatda Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə Senatın 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnaməyə tutarlı cavab verilib".

Sevil Mikayılova söyləyib ki, son illərdə müəyyən təlimatlar əsasında açıq irqçi, anti-Azərbaycan və islamofob fəaliyyətini daha da intensivləşdirən, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq meydan oxuyaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hörmətsizlik göstərməkdə davam edən Fransa siyasi dairələrinə, o cümlədən Senatına və Milli Assambleyasına bir daha xatırlatmaq yerinə düşər ki, Azərbaycanın Fransa ilə əlaqələri olmasa da, olar. O cümlədən Fransa Azərbaycanla əlaqələri olmadan da davam edə bilər. Lakin onilliklər ərzində qurulmuş münasibətləri sındırıb dağıtmaqda bu ölkənin məqsədi nədir? Əgər söhbət Ermənistanın maraq və mənafeyi uğrunda canfəşanlıqdan gedirsə, Azərbaycan 30 illik işğal və münaqişəyə son qoyaraq hazırda qonşu ölkə ilə normallaşma prosesini irəliyə aparır. Bu məsuliyyətli dönəmdə Parisin tutduğu mövqe təbii ki, onun öz maraq və mənafeyini çirkin yollarla təmin etməkdən irəli gəlir".

Deputatın sözlərinə görə, əslində bu cür düşüncəsiz və heç bir əsası olmayan anti-Azərbaycan mövqeyi özünü daim Avropada demokratiyanın beşiyi adlandıran Fransanın əsl simasını ifşa edir.

"Şübhə yoxdur ki, Paris regionda sabitlik tərəfdarı deyil. Daha konkret desək, Fransa Ermənistanla Azərbaycan arasında sülh əldə olunmasını istəmir. Son aylar, xüsusilə keçən il sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən sonra Ermənistan-Azərbaycan şərti sərhədində tam sakitliyin hökm sürməsi və heç bir münaqişəli halın baş verməməsi, görünür, Fransanı qane etmir. Elə bu səbəbdən də Fransa müxtəlif vasitələrə əl ataraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlərə mane olmağa çalışır", - deyə müsahibim qeyd edib.
Sevil Mikayılova əlavə edib ki, bütün təzyiq və hücumlar Azərbaycan tərəfindən layiqli cavablandırılır: "Azərbaycan parlamentinin Fransa ilə bağlı sənəd qəbul etməsi ilə yanaşı, bu ölkə ilə siyasi və iqtisadi əlaqələrə yenidən baxılması üzərində də düşünülməlidir. Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinin, xüsusilə də "Total" neft şirkətinin ölkəmizdən çıxarılması müzakirə predmetinə çevrilə bilər. Çünki bu şirkətin Azərbaycanın "Abşeron" qaz yatağındakı payından gəlir əldə etməsi və bu gəlirin bir hissəsinin əleyhimizə siyasət yürüdən Fransa büdcəsinə daxil olması heç də məntiqli görünmür".

Deputat yekunda vurğulayıb ki, Fransa öz neokolonialist siyasətinə nəzər salaraq, müasir reallıqlarda törətdiyi tarixi cinayətləri etiraf etməli, hüquqları pozulmuş milyonlarla günahsız insanın haqqını qaytarmalıdır. Fransa Senatının bu problemlərin həlli ilə məşğul olması daha məqsədəuyğundur.

Milli.Az


Etiketlər:  Fransa Azərbaycanla Ermənistan arasında sülh olmasını istəmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ