Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qızılca aqressivləşir: yaşlılar da təhlükədə - köhnə peyvəndlər təsirsizdir?

Qızılca aqressivləşir: yaşlılar da təhlükədə - köhnə peyvəndlər təsirsizdir?

Tarix: 30 Yanvar 2024 11:00

Həkim: "Xəstəliyin gedişatı dəyişib, yaşlı adamların da qızılcaya yoluxmasını "yenilik" hesab etmək olar"

Görmə, eşitmə qabiliyyətinin itirilməsi, geridönməz degenerativ dəyişikliklər - qızılca ağırlaşmalarının qorxulu siyahısını artırmaq da olar. Qızılcanı "uşaq" infeksiyası adlandırmaq niyə yanlışdır, kimlər xüsusi risk altındadır və qızılcaya şübhə olduqda nə etmək lazımdır, yazıda bu suallara cavab tapmağa çalışacağıq. 

İlk olaraq qeyd edək ki, bir neçə gün öncə tanınmış yazıçı-publisist, jurnalist Həmid Herisçinin qızılca səbəbindən ağırlaşması və xəstəxanaya yerləşdirilməsi təəccüb doğurdu. 1960-cı il təvəllüdlü jurnalistin bu yaşda qızılca olması bir sıra sualları aktuallaşdırdı. Bu yaşda (62) insanı niyə qızılca tutsun və üstəlik, ağırlaşma ilə özünü göstərsin ki? Yeri gəlmişkən, Həmid Herisçinin son vəziyyəti mediaya açıqlanıb. Jurnalistin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir. Səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti stabildir. 

Bəzi iddialara görə, dünyanın aparıcı səhiyyə təşkilatları belə qərara gəlib ki, hazırda qızılca tam yeni bir formada təzahür edir. Bu həqiqətən də belədirmi? Yəni hətta 40-50 il öncə edilmiş peyvəndlər insanı qorumaya bilər? 

Milli.Az bildirir ki, tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini açıqladı. Onun sözlərinə görə, dünya elmi mərkəzlərinin fikridir ki, 95 faiz hallarda peyvəndə qarşı immunitet yaranır: "Qalan 5-6 faizdə yaranmaya bilər. Virusun mutasiyaya uğramasına inanmıram, amma klinik gedişatda fərqliliyin olduğunu mən də müşahidə edirəm. Yəni builki qızılca əksər hallarda klassik gedişatla getmir... Məsələn, kataral dövr əvvəllər 3-4 gün çəkirdi, sonra səpki başlayırdı. İndi uşaq bir həftəyədək qızdırır, sonra səpir. İndiki digər infeksiyaların da qızdırma ilə getdiyini nəzərə alsaq, ilkin günlərdə diaqnoz qoymaq çətinlik yaradır. Bunlar gözləniləndir, klinika həmişə ənənəvi olmur. Hazırda Rusiyada da qızılca ilə bağlı vəziyyət kəskindir. Mərkəzi Asiya ölkələrində, Avropa ölkələrinin əksəriyyətində qızılca ilə bağlı vəziyyət kritikdir. Rusiyada öz vaksinləri var, amma yerli əhali Rusiya vaksininə inanmır. Orada da bizimki kimi vaksinlərə qarşı antitəbliğat var. Ümumiyyətlə, son 20 ildə harada qızılca yayılıbsa, orada peyvəndləmə yoxdur. Bunun başqa izahı yoxdur. Mən 10 il sovetin dövründə sahə həkimi işləmişəm, bir epizod belə qızılca görməmişəm. Elə ki sovetlər dağıldı, bu epidemiyalar başladı. Çünki peyvəndsizlik başladı". 

Həkim əlavə edib ki, böyük, yaşlı insanların da qızılcaya tutulmasını "yenilik" hesab etmək olar: "Ölümlərin olması insanları çox təşvişə salıb. Ensefalit və pnevmoniya kimi çox təhlükəli ağırlaşmalar həmişə olub, indi də var. Hələ virusun karlıq, korluq yaratmağını demirəm. Sadəcə olaraq, əvvəllər belə ictimailəşmirdi, belə xəbərlər olmurdu. Amma bu, qızılca deyil, başqa virusdur demək də cahilliyin ən son həddidir".

İnfeksionist Vüqar Cavadzadə mediaya açıqlamasında deyib ki, qızılcaya qarşı peyvənd olunmuş uşaqların təkrar bu infeksiyaya yoluxması mümkündür: "Qızılcaya qarşı vaksin 8-10 ildən sonra öz təsirini itirə bilir. Ona görə də qızılcaya qarşı peyvənd olunmuş şəxs yenidən yoluxa bilər. Təbii ki, burada vaksinin keyfiyyət məsələsi də var. Milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı vaksin 1-6 yaşda vurulur. Amma uşaq və yaxud böyüklər peyvənd olunmayıblarsa, bir ay içərisində iki dəfə dörd həftə fasilə ilə peyvənd oluna bilərlər". İnfeksionist bildirib ki, qızılcadan ağırlaşma mininqoensefalit və pnemoniya ilə müşahidə oluna bilər. O, əksər hallarda mininqoensefalit nəticəsində ölüm hallarının baş verdiyini bildirib.

Qeyd edək ki, Avropada da qızılca sürətlə yayılır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Avropa regionu ölkələrində keçən il əvvəlki ilə nisbətən 45 dəfə çox yoluxma halları qeydə alınıb. Qeyd edilir ki, təhlükə Estoniya sakinlərini də təhdid edir: hər il bu xəstəliyə qarşı peyvənd olunanların faizi azalır. Həkim Piret Rospu deyib ki, Estoniyada bir çox insan artıq qızılcanın nə olduğunu bilmir. Halbuki cəmi bir neçə onilliklər bundan əvvəl planetdəki demək olar ki, bütün uşaqlar bundan əziyyət çəkirdilər. 60-cı illərdə başlayan kütləvi peyvənd qızılcanın demək olar ki, tamamilə yox olmasına kömək etdi. Amma indi, 21-ci əsrdə xəstəlik yenidən qayıdır. ÜST-nin məlumatına görə, əgər ötən il Avropa regionunda (bütün Avropa ölkələri, Rusiya və bəzi Asiya ölkələri daxildir) 941 yoluxma halı qeydə alınıbsa, ötən il 42,2 min nəfər olub. "Keçən il bizdə 4 xəstə var idi, onların hamısı müxtəlif ölkələrdən gətirilib. Əsasən insanların tətilə getdiyi yerlərdən: Bali, Tailand, Türkiyədən. Amma qızılca xəstəliyini Avropadan da gətirmək olar. Məsələn, Avstriyada, Fransa və Böyük Britaniyada xəstəlik çox olub" deyə Səhiyyə Departamentinin rəhbəri Kart Syber bildirib.

ÜST-ə görə, cəmiyyətin təhlükəsizliyini qorumaq üçün əhalinin ən azı 95%-i iki dozalı peyvənd edilməlidir: "Təəssüf ki, Estoniyadakı tendensiya digər Avropa ölkələrində olduğu kimidir: peyvənd olunanların nisbəti daim azalır. Bu o deməkdir ki, "yerli epidemiyalar və qızılcanın yayılması təhlükəsi artıq mövcuddur".

Pediatr və infeksionist Yevgeni Timakov da Rusiyada qızılcaya yoluxma hallarının artmasını əsasən əhalinin yetkinlik dövründə peyvənd ehtiyacı barədə məlumatlı olmaması ilə əlaqələndirib: "Qızılca peyvəndi ömürlük qorunma təmin etmir. 25 yaşa qədər insanların toxunulmazlığının əhəmiyyətli bir hissəsi aşağı düşür və onların qızılcadan qorunmaq üçün kifayət qədər antikor titri yoxdur. Buna görə də 25 yaşdan yuxarı insanlar qızılcaya qarşı bir daha peyvənd olunmalıdır. Xüsusilə hamiləliyi planlaşdıran qadınlara və immun sistemi zəif olan insanlara göstərişdir".

"Qızılca çox yoluxucu xəstəlikdir və heç də zərərsiz deyil. Həm böyüklərə, həm də uşaqlara təsir göstərir", - deyə Timakov qızılcanı "uşaq" xəstəliyi adlandırmağı düzgün hesab etmir: "Qızılcaya qarşı immuniteti olmayan böyüklər uşaqdan qat-qat ağır xəstələnir, çünki uşaqların immuniteti çevikdir, onlar adətən yoluxucu proseslərə uyğunlaşırlar. Hər halda, qızılcaya yoluxmaq son dərəcə arzuolunmazdır".

Timakov xəbərdarlıq edib ki, uşaqlıqda qızılcadan əziyyət çəkənlər bir neçə il ləngiyən fəsadlara,  qulağın (karlığa), gözlərin (korluğa), mədə-bağırsaq traktının, ürək-damar sisteminin, beynin (dönməz degenerativ proseslərə qədər) zədələnməsinə səbəb ola bilər, mərkəzi sinir sistemi və ürək-damar sisteminin zədələnməsi riskləri əhəmiyyətli dərəcədə artır. 

Pediatr Svetlana Kondratyeva isə deyib ki, xəstəliyin kifayət qədər ağır olmasına baxmayaraq, qızılcanın mümkün nəticələri və fəsadları qorxuludur: "Qızılcanın ən çox görülən ağırlaşması bakterial pnevmoniya ilə müqayisədə müalicəsi daha çətin olan viral pnevmoniyadır. Amma biz ən çox qızılca ensefaliti və meningitdən qorxuruq".

Milli.Az


Etiketlər:  Qızılca aqressivləşir yaşlılar da təhlükədə köhnə peyvəndlər təsirsizdir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR