Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2019 17:12
Bakı. Trend:
İyunun 4-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçiriləcək.
Komitədən Trend-ə verilən məlumata görə, budəfəki özəlləşdirmə prosesinə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, 48-i kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri Ağdaş, Salyan, Bərdə, Yevlax kimi şəhər və rayonlarda yerləşir. Ümumi səhmlərinin 30%-45%-lik səhm paketləri özəlləşməyə çıxarılan dövlət əmlakları sənaye, aqrar, tikinti, nəqliyyat və digər sahələrə aiddir. Onlar arasında “Qax Taxıl”, “İsmayıllı Təmir Tikinti”, “Ağdaş Quşçuluq” kimi gəlirli fəaliyyət potensialı olan səhmdar cəmiyyətləri var.
Kiçik dövlət müəssisə və obyektlərinə gəldikdə isə onların ümumi faydalı sahəsi 20 kv.m ilə 3.3 min kv.m arasındadır. Şəki rayonunun Qudla kəndində yerləşən xidmət obyektinin ümumi faydalı sahəsi 372.1 kv.m-dir. İnvestor bu obyektin fəaliyyətini turizm sahəsi üzrə davam etməklə yanaşı, onu digər xidmət sahələrində də gəlirli sahəyə çevirə bilər. İstirahət mərkəzinin geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun effektiv fəaliyyət imkanlarını artırır.
Biznesə yeni başlayanlar, eləcə də ofis və ya xidmət obyekti axtaran şəxslər seçimlərini qeyri-yaşayış sahələri üzrə edə bilər. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 21.7 kv.m ilə 140 kv.m arasındadır. Qeyri-yaşayış sahələrindən 6-sı Bakıda, 5-i isə Sumqayıtda yerləşir. Paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki binada yerləşən dövlət obyektinin ümumi faydalı sahəsi 84.3 kv.m-dir. Qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün təyin olunan ilkin hərrac qiyməti 6 min manatdır.
"Nissan Maxima" və "Kia Sportage" markalarından olan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1998-2007-ci illərdir. Avtomobil sahibi olmaq istəyənlər 3 min manat ilə 5 min 400 manat aralağında ilkin qiymət təyin olunan bu dövlət əmlakları üzrə seçim edə bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin