Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Leandro Andrade: “Çoxları bizə inanmırdı, bu, davamlı olacaq”

Leandro Andrade: “Çoxları bizə inanmırdı, bu, davamlı olacaq”

Tarix: 29 Fevral 2024 19:30

"Bu bizim üçün çox təsirli matç idi. Avropa Liqasında qrupdan çıxmaqla yeni tarix yazmışdıq. Çox güclü rəqiblə qarşılaşmağımıza baxmayaraq, nailiyyətimizi davam etdirdik".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"ın hücumameyilli yarımmüdafiəçisi Leandro Andrade Portuqaliya mətbuatına müsahibəsində deyib.

22 yaşlı futbolçu Avropa Liqasının pley-offunda "Braqa"ya qalib gəldikləri oyunları dəyərləndirib: "Bəzi məqamları xeyrimizə çevirə bildirdik. Bütün proqnozlarda rəqibin daha üstün olduğu deyilirdi. Amma heç nə asan olmadı. "Braqa" yaxşı futbolçuları olan böyük komandadır. Biz bütün oyuna köklənən ən yaxşı "Qarabağ" olmalı idik. Baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirdik. Hücum futboluna üstünlük verdik. Çoxları bizə inanmırdı. Bütün meydana nəzarət edirdik. Öz potensialımıza bələd idik və birə-birdə vəziyyəti dəyişəcəyimizi bilirdik. "Qarabağ" hər oyunda sərgilədiyi futbolu yenə nümayiş etdirdi".

Andrade Qurban Qurbanovun onun karyerasında böyük rol oynadığını da xüsusi vurğulayıb: "Qarabağ"a 22 yaşımda gəlmişəm. Çox şeyləri bilsəm də, hələ də öyrənməli olduqlarımın qaldığını gördüm. Məni sol cinah hücumçusu kimi dəvət etsələr də, hər 2 cinahda oynadım. Hücumameyilli və mərkəz yarımmüdafiəçisi kimi çıxış etdim. Klubun ideyasını başa düşdüm və özümü burda yaxşı hiss edirəm. Çox inkişaf etmişəm. Qurban Qurbanov möhtəşəmdir. Onun oyun sistemi fantastikdir. Bu cür də davam etmək istəyirəm".

Kabo-Verdeli futbolçu "Qarabağ"ın Avropa Liqasında 1/8 finala yüksəlməsinin Azərbaycan futboluna faydalı olacağını da deyib: "Onlar bu mərhələyə ilk dəfə yüksəliblər. Azərbaycan futbolunu bu uğur beynəlxalq xəritəyə saldı. İnsanlar eyforiyadadır və bu barədə hələ uzun illər danışacaqlar. "Qarabağ" beynəlxalq imicini daha da artıra bilər. Bu uğur davamlı olacaq. Bu, illərin əməyinin nəticəsidir. 1 ayın və ya 1 ilin işi deyil. Qurbanovun imzası olan, futbolçuları da oyunda rahat hiss etdirən sistem illərin əməyidir. Bu, çox göz yaşı və çox böyük səydir. Burada dayanmayacaq!".

Andrade həmçinin Joau Moutinyuya heyranlığından da söz edib: "O hamıdan çox hörmət etdiyim, fanatı olduğum və oyunu ilə məni heyrətləndirən futbolçu olub. Mən onun fantastik oyunçu olduğunu bilirdim. Amma yaşı, keçirdiyi oyun sayı və istirahətə vaxt olmamasına baxmayaraq, belə oynaması məni təəccübləndirdi. Formasını ala bilmədiyimə görə çox məyusam".

Qeyd edək ki, "Braqa"ya səfərdə 4:2 hesabı ilə qalib gələn "Qarabağ" evdə 2:3 uduzsa da, yekunda 6:5 hesabı ilə üstün olub. Ağdamlıların növbəti rəqibi "Bayer" olacaq. İlk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə 1 həftə sonra Almaniyada oynanılacaq.

Milli.Az


Etiketlər:  Leandro Andrade Çoxları bizə inanmırdı bu davamlı olacaq


RƏYLƏR