Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2019 12:00
"Seçmə mərhələdə son iki oyunumuz qalıb. Hər iki komandanın final mərhələsinə yüksəlmək şansları var. Məhz ona görə də qarşılaşmalar çox çətin olacaq. Matçlarda maksimum güc sərf edib yaxşı nəticə qazanmaq istəyirik".
Qol.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Ağabala Ramazanov AVRO-2020-nin seçmə mərhələsində qarşılaşacaqları Uels və Slovakiya ilə matçlardan öncə deyib.
26 yaşlı hücumçu hər iki oyunda xal qazanmaq ehtimalından da danışıb: "Hər iki matçda məğlub olmasaq, bizim üçün ideal nəticə olar".
Ramazanov yığmanın qrupdakı durumundan da söz açıb: "Düşdüyümüz qrupa nəzər yetirsək, görərik ki, ən çətin qrupda yer almışıq. Amma qazandığımız bir xaldan da razı deyilik. İstəyirik ki, xal və xallar qazanaq. Rəqiblərin də səviyyəsinə nəzər yetirmək lazımdır. Bu cür komandalara qarşı ancaq əzmkarlıq hesabına nəticə qazanmaq mümkündür. Başqa cür alınmaz. Maksimum dərəcədə konsentrasiya və istək olmalıdır".
"Səbail" klubunun formasını geyinən oyunçu komandanın Premyer Liqadakı uğursuzluğu barədə də fikirlərini bildirib: "Əgər xal qazana bilmiriksə və məğlub oluruqsa, burada hamımız günahkarıq. Birlik olmalıdır və düşdüyümüz vəziyyətdən ancaq belə çıxa bilərik. Başqa yolu yoxdur".
Forvard özü haqqında yayılan transfer xəbərləri barədə isə bunları söyləyib: "Mənim hazırda "Səbail" klubu ilə müqaviləm var. Transfer barədə fikirləşmirəm".
Qeyd edək ki, Azərbaycan millisi bu gün "Bakcell Arena"da Uelslə qarşılaşacaq. Qarşılaşma saat 21:00-da başlayacaq. Noyabrın 19-da Trnavada keçiriləcək Slovakiya - Azərbaycan oyunu isə Bakı vaxtı ilə saat 23:45-də start götürəcək(Report).