Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Övladlığa götürmə ilə himayədar ailənin FƏRQİ nələrdir?

Övladlığa götürmə ilə himayədar ailənin FƏRQİ nələrdir?

Tarix: 5 Aprel 2024 20:54

Azərbaycanda müxtəlif səbəblərdən valideyn qayğısından, himayəsindən məhrum olan uşaqlar var.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin rəsmisi Cavid Şahmalıyev jurnalistlərə açıqlamasında hazırda sosial qayğı müəssisələrində valideyn himayəsindən məhrum olmuş 1400-ə yaxın uşağın olduğunu deyib. O, yanvar-mart ayları ərzində 27 uşağın övladlığa verildiyini, 10 uşağın isə himayədar ailədə olduğunu qeyd edib.

Göründüyü kimi, insanlar valideyn himayəsindən məhrum olmuş uşaqları həm övladlığa götürə, həm də himayə edə bilərlər.

Bəs himayədar ailə və övladlığa uşaq götürmə arasında hansı oxşar və fərqli məqamlar var? Tələb və şərtlər nədir? 

Qanun deyir ki, Əmək qabiliyyəti olmayan və ya məhdud əmək qabiliyyətli şəxslər, valideynlik hüququndan məhrum olan valideynlər, qəyyum vəzifəsindən azad edilmiş şəxslər, məhkum olunmuş vətəndaşlar, sağlamlığı ilə əlaqədar uşağa lazımi qayğını göstərə bilməyən şəxslər övladlığa uşaq götürə bilməzlər.

Yəni aktiv və xroniki vərəm, bədxassəli onkoloji, narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion və ruhi xəstəlikdən əziyyət çəkənlərə bu hüquq tanınmır. Təbii ki, övladlığa uşaq verilərkən şəxsin və ya ailənin gəliri mütləq nəzərə alınır. Subay şəxslər də övladlığa uşaq götürə bilərlər, lakin onların ən azı 30 yaşı və övladlığa götürdükləri şəxslə aralarındakı yaş fərqi 18 olmalıdır. Həmçinin, bu şərtlər nəzərə alınmaqla xarici vətəndaşlar da valideyn himayəsindən məhrum olan uşaqlara valideyn ola bilərlər.

Himayədar ailə olmaq üçün də oxşar tələblər mövcuddur. Qeyd edək ki, adı himayədar ailə olsa da qanunvericilikdə müəyyən edilmiş yaş həddi, sağlamlıq, ev şəraiti, gəlir tələblərini ödəyən subay və evli Azərbaycan Respublikası vətəndaşları himayədar ailə ola bilərlər. Fərqli cəhət odur ki, himayədar ailə olanlar Azərbaycan Respublikasında daimi yaşamalıdırlar. Xarici vətəndaş himayədar ailə ola bilməz.
Eynilə övladlığa uşaqgötürmə qaydasında olduğu kimi, ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (himayədar ailəyə veriləcək uşaqlar istisna olmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olan şəxslər,  məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan qanunda sadalanan cinayətlərə görə məhkum olunmuşlar, yuxarıda sadalanan xəstəliklərdən hər hansı birindən əziyyət çəkənlər himayədar ailə ola bilməzlər.

Həmçinin, uşağın qəyyumları, bioloji və ya ögey valideynləri himayədar valideyn ola bilməzlər. Amma ögey ata və ya ana uşağı övladlığa götürə bilərlər.

Burada da cütlüklər üçün aşağı yaş həddi 25, subay şəxslər üçün 30 müəyyənləşdirilib. Nikahda olmayan şəxslə ona himayəyə verilən uşağın yaş fərqi 18-dən az olmamalıdır.

Bu iki proses arasında əsas fərq uşağın verildiyi ailədə qalma müddətidir.

Dövlət həm övladlığa götürülən, həm də himayəyə verilən uşağa görə aylıq vəsait təyin edir. Birincilərdə vəsait standartdı, yəni əlilliyi olmayan uşaqlara görə 200 manat, əlilliyi olan uşağa görə isə 600 manat məbləğində vəsait ödənir.

Himayədar ailəyə isə 0-6 yaş arası uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat vəsait ödənilir. Əgər himayəyə verilən uşağın əlilliyi varsa məbləğ 395-435 arasında dəyişir.

Həmçinin, himayədar ailələrə dövlət tərəfindən himayəyə götürdükləri hər uşağa görə mövsümi geyim alınması üçün hər rübdə birdəfəlik müavinət verilir.

Qeyd edək ki, hər iki səlahiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Milli.Az


Etiketlər:  Övladlığa götürmə ilə himayədar ailənin FƏRQİ nələrdir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ