Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2024 22:56
Türkiyənin Türk Hava Yolları aviaşirkətinin Rusiyadan olan turistlərə Latın Amerikası ölkələrinə çatdırmaq sahəsində xidmət göstərməkdən imtina etməsi halları getdikcə çoxalır.
Fevral ayından başlanan bu proseslə bağlı gətirilən arqument həmin ölkələrin bəzi rusları qəbul etmək istəməməkləri olur. Lakin maraqlıdır Latın Amerikası ölkələrindən, xüsusilə də imtina hallarının çox olduğu Argentina və Meksikadan Rusiya turistlərinə münasibətdə hər hansı yeni qadağa qərarı açıqlanmayıb.
Qleb adlı rusiyalı turist iddia edir ki, İstanbuldan Meksikaya uçan təyyarəyə minməyə imkan verilməməsi səbəbindən turist ən azı 450 min rubl itirib.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, Mexikoda Madonnanın konsertinə getmək istəyən turist Sankt-Peterburqdan İstanbula gedən yolda heç bir problemlə qarşılaşmayıb.
Qeydiyyat zamanı ona minik bileti verilib: "Türkiyədə transfer zamanı "Gözen Security" şirkətinin əməkdaşları məni və digər rusiyalı turistləri təyyarəyə buraxmadılar. İşçilər birtərəfli qaydada xidmətdən imtina etsələr də, imtina ilə bağlı heç bir rəsmi kağız vermədilər. Onlar mənim minmə talonumu götürüb qələmlə üstündən xətt çəkdilər".
Rus turist təyyarə biletlərinə 1690 dollar, otellərə 1950 dollar xərclədiyini, konsert biletinin isə 500 dollar olduğunu qeyd edib. O, evə əlavə bilet üçün də 650 dollar ödəməli olub.
Qlebin sözlərinə görə, bəzi rusiyalı sərnişinlərə türk aviaşirkətinin nümayəndələri tərəfindən ingilis dilində "Ruslar Meksikada xoş qarşılanmır" kimi tərcümə oluna bilən ifadələri ilə müraciət edilib.
Turist həmçinin bildirib ki, Britaniya vizası və 5 illik Şengen vizasına baxmayaraq, Rusiya pasportu olan başqa bir sərnişinin də təyyarəyə minməsinə icazə verilməyib.
Bundan əvvəl Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov rusiyalı diplomatların İstanbuldan keçməklə Latın Amerikası ölkələrinə tranzit keçməsində çətinliklərlə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə və Türk Hava Yollarının ofisinə rəsmi müraciətlər göndərdiyini bildirib.
Rusiyalı ekspertlər Türk Hava Yollarının bu addımının Meksika və Argentina üzərindən ABŞ-a qanunsuz miqrasiyanın artmasına qarşı mübarizə ilə bağlı ola biləcəyini ehtimal edirlər.