Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2024 09:52
Rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylovun Axar.az-a müsahibəsi:
- Mayın 7-də Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi olacaq. Bu mərasimdə hansı liderləri görəcəyik?
- Dost dar gündə tanınır. Aleksandr Lukaşenko, bəlkə də Mərkəzi Asiya ölkələrinin liderləri gələcək. Putinin andiçmə mərasiminə kimin gələcəyini təxmin etmək çətindir. Rusların kimin gəlib-gəlməyəcəyi veclərinə deyil. Rusiya güclü dövlətdir. Gec-tez hamı şirin təbəssümlə gələcək, ölkəmizə əzəmət arzulayacaq. Mən ilk növbədə Lukaşenkonu və təbii ki, Əliyevi gözləyirəm - ona görə ki, onlar dostdurlar. Bəlkə də böyük güclərdən biri gələ bilər. Si Szinpin çətin ki, gəlsin, baxmayaraq ki, bizim Çinlə normal münasibətlərimiz var. İndi çoxları gəlməyə qorxur.
- Mətbuatda yayılan xəbərlərə görə, Paşinyan Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün yalnız mayın 8-də Rusiyada olacaq. Yəni o, andiçmə mərasiminə (andiçmə mərasimi 7 maya nəzərdə tutulub - red.) gəlməyəcək. Bu, Moskva ilə İrəvan arasında onsuz da mürəkkəb olan münasibətlərə necə təsir edəcək?
- Əslində mən Paşinyanın inauqurasiyada iştirakını təsdiqləyirəm. Amma gəlməsə, bu, kimin dost, kimin düşmən olduğunu göstərəcək. Bu, Ermənistan rəhbərliyinin Rusiya rəhbərliyinə əsl münasibətini nümayiş etdirəcək. Biz gələcəyə baxmalıyıq. Moskva ilə İrəvan arasında gələcək hələ də narahatedicidir. Münasibətlər getdikcə pisləşir. Aİİ-nin 10 illiyinə həsr olunmuş yubiley sammitinə gəlincə - Ermənistanın Aİİ-dən böyük fayda əldə etdiyi aydındır. Ermənilər Moskvadan üz döndərmələrinə baxmayaraq, pul saymağı çox yaxşı bacarırlar. Və Aİİ belə kiçik, qeyri-sabit dövlət üçün böyük puldur.
- Macarıstanın Baş naziri Orbanın Putinin andiçmə mərasiminə gəlməsi gözlənilirmi? Bu baş verərsə, Avropa Parlamentinin AB-yə üzv dövlətləri Rusiyada keçirilən prezident seçkilərinin nəticələrini legitim saymamağa çağırdığını nəzərə alsaq, Orbanın taleyi gələcəkdə necə olacaq?
- Orbanın Putinin andiçmə mərasiminə gəlib-gəlməyəcəyini söyləmək çətindir. O gəlsə, AB-nin gələcək liderinin həqiqətən kim olduğunu bütün Avropaya göstərmiş olacaq. Son vaxtlar Orban çox səs-küylü bəyanatlar verir və dediyi hər şeyə əməl edir, siyasi xəttini də qoruyur. O, Rusiyanı sevmir, amma Rusiya ilə döyüşmək, münasibətləri kəsmək də istəmir. Bu o demək deyil ki, Macarıstan bizim üçün böyük dostdur. Sadəcə, Orban praqmatik liderdir, o, çətin vaxtlarda ölkəyə rəhbərlik etdiyinə görə Putinə hörmət edir. Və prinsipcə, o gəlsə, Avropa Parlamenti, Avropa Birliyi üçün şok olacaq. Bunu izləmək çox maraqlı olardı. Orbanın mümkün səfəri gələcəkdə Rusiyanın Macarıstanla münasibətlərini gücləndirər. Əgər Macarıstan hansısa Avropa hərəkatına rəhbərlik edərsə, o zaman Rusiya müəyyən oyun qaydalarına əməl edəcək, Orbanla bərabərhüquqlu danışacaq və hansısa iqtisadi tərəfdaşlığa icazə verəcək. Amma bütün bunlar gələcəkdədir. Avropa indikindən fərqli bir gələcəklə üz-üzədir.