Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2024 14:24
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Prezidentin köməkçisi Hikmət Hacıyev niyə ABŞ-yə getdi? Səfər çərçivəsində Vaşinqtonda yüksək səviyyəli görüşlər keçirildi.
- ABŞ ilə dialoqumuz yüksək səviyyədə davam edir. Amerikalı rəsmilər və diplomatlar da tez-tez Bakıya gəlirlər, görüşlər keçirirlər. Aydındır ki, ABŞ qarşılıqlı səfərlərdə maraqlıdır ki, Azərbaycanın yüksək vəzifəli rəsmiləri və diplomatları Vaşinqtona səfər etsinlər. Azərbaycan enerji və təhlükəsizlik sahələrində Amerika ikə əməkdaşlığı davam etdirir. ABŞ də bölgədə sülh və əməkdaşlıqda maraqlıdır. Görünür, Azərbaycan-Ermənistan danışıqlarının hazırkı durumu da Amerikanın diqqətini çəkir, ola bilsin, Hikmət Hacıyevlə bununla bağlı da müzakirə aparıblar.
- Avropa Yenidənqurma Bankı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Cənubi Qafqaz üzərindən Asiya ilə Avropa arasında əlaqəni daha da genişləndirmək və asanlaşdırmaq üçün Transxəzər beynəlxalq nəqliyyat marşrutu (Orta dəhliz) üzrə anlaşma memorandumu imzalayıb. Bu çərçivədə Bakı, Tiflis və İrəvana dəstəyin veriləcəyi bildirilib. Sizcə, anlaşma Zəngəzur dəhlizini də əhatə edəcəkmi?
- Ümumiyyətlə, Avropa Birliyinin Orta dəhlizə marağı çox artıb, bu çərçivədə Mərkəzi Asiya ilə sıx dialoq içindədirlər. Brüssel Orta dəhlizdə ona görə maraqlıdır ki, Çindən göndərilən yüklər Rusiya yox, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Avropaya daşınsın. Bu baxımdan, Avropa Yenidənqurma Bankı Orta dəhlizin layihələndirilməsində iştirak etməyə hazırdır.
Zəngəzur dəhlizi də Orta dəhlizin tərkib hissəsidir. Buna görə Ermənistana başa salmağa çalışırıq ki, dəhlizin açılmasını tezləşdirsin, bu, onun üçün dıə faydalıdır. Ermənistan Orta dəhlizin tərkib hissəsi olmaq istəyirsə, işləri sürətləndirməlidr. Hesab edirəm ki, Avropa Birliyi də Ermənistanın bunu uzatmamasını tələb edir.
- Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxmasının dəhlizlə bir əlaqəsi varmı? Erməni mənbələri bununla bağlı müxtəlif iddialar irəli sürürlər.
- Əlbəttə, Rusiya sərhədçilərinin çıxarılması vacib idi. Əslində orada müvəqqəti yerləşdirilmişdilər. İrəvan İkinci Qarabağ Müharibəsindən sonra ehtiyat edirdi ki, Azərbaycan ordusu hücumun miqyasını genişləndirə, Ermənistan ərazisinə daxil ola bilər. İndi iki ölkə arasında pozitiv danışıqlar gedir və sərhədlər də müəyyənləşirs, bu istiqamətlərdə Rusiya sərhədçilərinə ehtiyac yoxdur. Üstəgəl, Rusiya sərhədçilərinin sayı da çox deyil.
Nikol Paşinyan onunla razılaşdı ki, Rusiya sərhədçiləri hələlik Türkiyə və İranla sərhədlərdə qalsınlar. Çünki Ermənistanın bütün sərhədlərini qorumağa gücü yoxdur. Güman edirəm ki, sülh müqaviləsi imzalanarsa, Türkiyə sərhədində də Rusiya sərhədçilərinə ehtiyac qalmayacaq.
- Revanşistlərin Ermənistan hakimiyyətinə qarşı etiraz aksiyaları ilə çevriliş planı niyə baş tutmadı?
- Nəticə verməyəcəyi əvvəldən də aydın idi. Hələ İkinci Qarabağ Müharibəsindən dərhal sonra Paşinyanı devirmək istədilər, heç onda alınmadı. Aylarla yürüş, mitinq keçirdilər, geniş ictimai dəstək olmadı. Erməni cəmiyyəti bu dəfə də keşişin arxasınca getmək istəmədi. Çünki başa düşdülər ki, ona dəstək vermək Azərbaycanla növbəti müharibəyə gətirib çıxaracaq, bu da Ermənistan üçün böyük itkilərlə nəticələnəcək. Üstəgəl, keşiş də alternativ fikir təklif edə bilmədi. Hesab edirəm ki, erməni cəmiyyəti müharibə yox, sülh danışıqlarına üstünlük verdi.
Paşinyan özünə arxayındır, arxayın olmasaydı, bugünlərdə Danimarkada keçirilən konfransda iştirak etməzdi. Bir müddətdən sonra keşişin artıq öləziyən aksiyaları bitəcək. Sərhədin delimitasiya-demarkasiyası tam sürətlə davam edir, buna mane ola bilməyəcəklər. Amma bir istisna da ola bilər, bu da ermənilərin yaxşı bacardığı terrordur. Nikol Paşinyana qarşı terror aktı törədərlərsə, vəziyyət kəskin şəkildə dəyişə bilər. Amma bu, bizi qorxutmur, biz sülhə də, müharibəyə də hazırıq. Müharibə Ermənistana baha başa gələrdi, amma biz savaş istəmirik. Prezident İlham Əliyev də Şuşada bildirdi ki, Azərbaycan quruculuq işləri aparır. Amma prezident onu da vurğuladı ki, Ermənistanda hansısa mümkün dəyişiklikdən sonra bütün razılaşmalardan imtina olunarsa, Azərbaycan növbəti dəfə "Dəmir yumruq"u işə salmağa hazır olacaq.
- Revanşistlərə dəstək məsələsində Rusiyanın adı çox hallandırılsa da, şimaldan açıq dəstək görünmədi. Sizcə, bu, nə ilə əlaqəlidir?
- Əslində Rusiya açıq-aşkar dəstək verə bilməzdi. Rusiyada da anlayırlar ki, Paşinyanı devirmək imkanları yoxdur, müxalifət zəifdir, keşişlə də uzağa gedə bilməzlər. Buna görə də, keşişə açıq dəstək vermək istəmədilər. Üstəgəl, keşişin Kanada vətəndaşlığı var, ola bilsin, bu da Rusiyanı bir qədər ehtiyatlandırdı. Rusiyada məntiqlə düşündülər ki, əgər Paşinyanı devirə bilmirlərsə, müəyyən məsələlərdə onunla razılığa gəlmək lazımdır. Rusiya hesab etsəydi ki, Köçəryan və ya Sərkisyanın reytinqi yüksəkdir, dəstəyi artırardı və Paşinyanı devirməyə çalışardı. Amma Köçəryan, Sərkisyan və keşişin Ermənistan cəmiyyətində nüfuzu və reytinqi olmadığına görə, Rusiya bu qüvvələrə geniş dəstək vermədi.
- Fransa niyə Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanı ittiham elədi? Hətta rəsmi Bakı Parisə xəbərdarlıq etdi ki, bu kimi ittihamlar əlaqələrdə daha mənfi nəticələrə gətirib çıxara bilər.
- Nə qədər ki Fransa Azərbaycana qarşı saxta ittihamlar irəli sürür, bu durumda münasibətlərin normallaşmasını gözləmək çətindir. İndi də bizi ittiham edirlər ki, guya Azərbaycan Fransanın daxili işlərinə qarışır. Amma Fransanın özü uzun illər Azərbaycanın daxili işlərinə qarışırdı, Ermənistanı qızışdırırdı, Qarabağ separatçılarına dəstək verirdi. Bunların hamısı faktdır. Makronun hakimiyyəti dönəmində münasibətlərin normallaşacağını gözləmək çətindir. Gözləməliyik ki, görək Makrondan sonrakı hakimiyyətin Cənubi Qafqaz siyasəti necə olacaq.
Hesab edirəm ki, indiki halda münasibətlərin normallaşması mümkün deyil, əksinə, sərt polemika getdikcə güclənir. Gərginlik iqtisadi əlaqələrin də aşağı səviyyəyə enməsinə səbəb olacaq. Üstəgəl, Fransanın "Total" şirkətinin "Abşeron" yatağında böyük payı var. Siyasi gərginlik artarsa, bu şirkətlə bağlı da qərar vermək məcburiyyətində qala bilərik.
- Ümumiyyətlə, Fransa-Azərbaycan gərginliyinin kökündəki əsl səbəb nədir? Sanki bu səbəb Ermənistan məsələsi deyil.
- Məsələnin kökündə o durur ki, Azərbaycan-Türkiyə ittifaqı Fransanı narahat edir. Razıyam, bu, təkcə erməni lobbisinin Fransadan istəkləri ilə bağlı deyil. Fransa bölgədə türk inteqrasiyası və Azərbaycan-Türkiyə ittifaqının güclənməsinin əleyhinədir. Yanlış məntiqə görə düşünürlər ki, guya buna mane ola bilərlər. Tam əksi ilə üzləşdilər, Cənubi Qafqazda olan-qalan mövqelərini də itirdilər. Azərbaycanla münasibətləri normallaşdırmadan, yalnız Ermənistan üzərindən bölgədə möhkəmlənmək mümkün deyil. Azərbaycan-Türkiyə ittifaqı, Mərkəzi Asiya ilə Azərbaycan və Türkiyə arasında inteqrasiya - türk birliyi güclənir. Fransa buna mane olacaq gücdə deyil.