Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2019 14:24
Bakı. Ləman Zeynalova - Trend:
Onuncu Rusiya-Azərbaycan regionlararası forumu ikitərəfli münasibətlərin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
Bunu Trend-ə rusiyalı ekspert Sergey Markov deyib.
Onun sözlərinə görə, bu cür forumlar müxtəlif regionlar və biznes strukturları arasında yeni layihələrin yaradılmasının baş verdiyi bir məkandır:
“Xüsusilə, bu forumda yük avtomobillərinin tədarükü, kənd təsərrüfatı məhsullarının mübadiləsi və digər layihələr müzakirə olundu. Biznes və regionların nümayəndələri üçün vacib olan odur ki, bu tədbirlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko kimi ali dövlət nümayəndələri iştirak edib. Bundan əvvəl isə forumda Rusiya və Azərbaycan Prezidentləri Vladimir Putin və İlham Əliyev də iştirak ediblər. Ali dövlət xadimləri hökumətlərin əsas iş prioritetlərini formalaşdırdığı üçün, bizneslərə ikitərəfli əməkdaşlığı hansı istiqamətdə inkişaf etdirməyin perspektivlərini anlamaq daha asan olur”.
Ekspert qeyd edib ki, Rusiya və Azərbaycan bir çox sahələrdə əməkdaşlığı genişləndirir:
“Bu gün onlar arasında prioritet Xəzər dənizinin ehtiyatlarının işlənməsi, eləcə də “Şimal-Cənub” nəqliyyat dəhlizinin formalaşdırılması və hərbi-texniki sahədə əməkdaşlıqdır. Məlumdur ki, Rusiya Azərbaycana çoxlu müasir silah satır. Bundan başqa, enerji daşıyıcılarının hasilatı və nəqli sahəsində əməkdaşlıq fəal inkişaf edir. Rusiya və Azərbaycan Türkiyə ərazisindən Avropa İttifaqı bazarlarına qaz tədarük edir. Ona görə də, həm Rusiya, həm də Azərbaycan qaz ixracı bazarında rəqiblərin olmamasında maraqlıdır ki, əməkdaşlıq hesabına öz mənfəətlərini artırsınlar”.
S.Markov vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında ticarət artımı nəzərəçarpacaq dərəcədədir və 2018-ci ildə 18 faiz, 2019-cu ildə 26 faiz çox gözəl nəticədir:
“Burada qarşılıqlı neft və elektrik enerjisi satınalmaları əhəmiyyət daşıyır. Rusiya bazarında Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbat var, Rusiya istehlakçısı üçün, həmçinin Azərbaycanın turizm potensialı çox maraqlıdır. Böyük ehtimalla, 2019-cu ilin yekunlarına əsasən Azərbaycana gələn rusiyalı turistlərin sayı bir milyonu keçəcək”.
Ekspert əlavə edib ki, Azərbaycan hər zaman bütün beynəlxalq layihələrdə Rusiyanı dəstəkləyir:
“Rusiya isə həmişə Azərbaycan üçün vacib olan layihələri dəstəkləyir. Fikrimcə, Rusiya ilə Azərbaycan arasında bu cür əməkdaşlıq inkişaf edəcək, çünki bunun əsasında maraqların ziddiyyətsizliyi və ölkə liderlərinin, prezidentlər Vladimir Putinin və İlham Əliyevin gözəl münasibəti, xalqların, eləcə də diasporaların yaxınlığı dayanır. Rusiya və Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində də əməkdaşlıq edir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin