Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2024 13:36
2024-cü il iyun ayının 30-na ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə (56 069,7 milyon ABŞ dolları) nisbətən 3,4% artaraq 58 000,6 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Sonxeber.net-a Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) bildirilib.
2024-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 254,9 milyon manat, büdcə xərcləri isə 6 414,4 milyon manat təşkil edib.
2024-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 436,5 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 5 657,0 milyon manat, bonus ödənişləri 775,9 milyon manat, tranzit gəlirləri 0,3 min manat, akrhesabı ödənişləri 3,6 milyon manat olub.
Fondun valyuta vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 2 818,4 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 6 390,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. 2024-cü ilin yanvar-iyun aylarında "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 5,2 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" nın maliyyələşməsinə isə 7,1 milyon manat yönəldilib. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,6 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 441,5 milyon manat olub.
Fondun aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlərə gəldikdə əsas töhfə səhm investisiyalarının payına düşür. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarında yuxarı faiz dərəcələrinə baxmayaraq aşağı işsizlik dərəcələrinin qalması istehlak göstəricilərinə, o cümlədən ÜDM - nin artım tempinə müsbət təsir edib. Həmçinin, süni intellekt texnologiyasındakı irəliləmələr və bu istiqamətdə optimist gözləntilər informasiya texnologiyaları səhmlərinə əhəmiyyətli dəstək verib. Sadalananlar əsasında cari ilin ilk yarımilində səhm bazarlarında yüksək gəlirlilik müşahidə olunub.
Bazar iştirakçıları və Mərkəzi bankların uçot dərəcələri ilə bağlı gözləntilərinin tədricən uzlaşması fonunda ötən rüblərə nəzərən maliyyə bazarlarında faiz dərəcələri ilə qeyri-müəyyənlik səngiməkdədir. Nəticədə, həm dərc olunan göstəricilər, həm də proqnozlar əsasında növbəti rüblərdə uçot dərəcələrinin aşağı düşməsi gözləntiləri kapital bazarlarında nikbin mühit formalaşdırır.