Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2024 09:10
Xəbər verdiyimiz kimi, aktyor Taleh Yüzbəyovun anası Xuraman xanım vəfat edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, T.Yüzbəyov anasının ölümündən 1 neçə gün sonra ağrısını ifadə edən təsirli paylaşım edib:
"Allah ölənlərinizə rəhmət eləsin. Qəribədir, amma Anam öləndən sonra ürəyimin varlığını hiss eləməyə başladım. Sinəmdə sol tərəfdə döyünən, sızıldayan və ağırlaşan nəsə var. Əvvəllər də ürəyimin varlığından xəbərdar idim. Üstdən toxunanda döyüntüsünü hiss eləyirdim, əzab çəkəndə ağrıyırdı, həyəcanlananda az qalırdı ağzımdan çıxsın. Amma indi onu hər an hiss eləyirəm. İndi elə bil ürəyimin fərqindəyəm.
Ölüm də belədir. Biz onun varlığına əminik, ona şübhə eləmirik, bilirik ki, bir gün olacaq, amma yalnız o gələndə fərqində oluruq. O, isə həmişə gözlənilməzdir. Həmişə acıdır. Ən pisi isə həmişəlikdir. Və elə ölümlər var ki, dözmək çətindir. İnsan həmişə güclü ola bilmir. İnsan həmişə güclü ola bilməz. İnsan həmişə güclü olmamalıdır.
Bilirəm, bir çoxumuz əməl eləyə bilməyəcəyik, amma yenə də deyim. Yaxınlarınızla, əzizlərinizlə, doğmalarınızla daha çox vaxt keçirin. Çünki onlar da bir gün ölür. Bir gün hamı ölür. Və adamın az qalır ürəyi partlasın.
Peşman olmağa isə həmişə nəsə tapırsan. Kaş bu arzusuna yerinə yetirərdim, kaş bu sözünü yerə salmazdım, kaş daha çox söhbət eləyəydim, kaş özümü çatdıraydım və sairə və ilaxır...
Amma insan həm də hər şeyə öyrəşir. Hətta anasının ölümünə də. Adamı ayaqda müxtəlif təsəllilər saxlayır. Əsas yoxluğunu düşünməyəsən. Fikirləşəsən ki, o hardasa var. İndi burda olmasa da, sənlə danışmasa da hardasa mövcuddur. O dünayda, bərzəxdə, lap elə fiziki olaraq qəbrinin içində.
Allah sənə rəhmət eləsin, Mama. Sən mənim üçün həmişə, hardasa varsan.
Başsağlığı verən hamıya təşəkkür edirəm. Allah ölümün gecindən versin əzizlərimizə".