Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2019 21:20
Bakı. Trend:
Sumqayıtın şəhər statusu almasının 70 illiyi ilə bağlı möhtəşəm tədbirlər, bu münasibətlə ölkə rəhbərinin Sumqayıta gəlişi və yeni mədəniyyət obyektlərinin açılışında iştirak etməsi bütün sumqayıtlılar kimi teatrın yaradıcı heyətinə unudulmaz təəssüratlar bəxş etdi. Eyni zamanda ümumşəhər tədbirinin mədəni-kütləvi şənliyin hazırlanmasında əməkdaşlarımızın iştirakı, həmçinin bir qrup işçinin mükafatlandırılması qəlbimizi qürur hissi ilə doldurdu.
Ümumiyyətlə son illərdə teatra göstərilən qayğı yeni layihələrin gerçəkləşməsi və teatra tamaşaçı axınının güclənməsinə rəvac verir.
Sumqayıt Dövlət Dram Teatrından Trend-ə verilən məlumata görə, bu günlərdə teatr daha bir bayram ovqatı yaşadı. Belə ki, dövlət başçısının dahi dramaturq C.Cabbarlının 120 illiyinin xüsusi qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazırliyinin təşkilatçilığı ilə noyabrın sonu Cəfər Cabbarlı həftəsi çərçivəsində teatr bayramı keçirilir. Bakı və bölgə teatrlarının qatıldığı tədbirdə ədibin ayrı-ayrı əsərləri nümayiş etdirilir.
Noyabrın 26-da növbə Sumqayıtlılara çatdı. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Sumqayıt Dövlət Dram Teatrında ərsəyə gəlmiş "Solğun çiçəklər" tamaşası oynanıldı. Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Plastik həll və rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur. Quruluşçu rejissor Elşən Zeynallının klassikaya yeni baxış bucağı özünü maraqlı traktovkada göstərdi. Teatr ictimaiyyəti, gənclər, ziyalılar, bir sözlə müxtəlif kontingentdən olan insanlar iki saat ərzində bir ortaq düşüncəyə, zövqə gətirən tamaşanın qeyri-adi yozumu və truppanın mükəmməl oyunu oldu. Qeyd edək ki, obrazları əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar İlahə Səfərova, Şəhla Məmmədova, İlqar İbrahimov və Rövşən Əsgərov canladırırlar. Tamaşadan sonra maraqlı müzakirə oldu. Cəfər Cabbarlının nəvəsi Qəmər xanım yaradıcı heyətə minnətdarlığını bildirdi. O söylədi ki, Cəfər Cabbarlı təfəkkürünü və ruhunu qoruyub saxlamaqla müxtəlif dəyişikliklər, eksperimentlər yerinə düşür və pyesin uzunömürlülüyünə fayda verir.
Tamaşanın rejissoru Elşən Zeynallı yaradıcı heyəti təbrik etdi və vurğuladı ki, eksperimentə, improvizəyə, aktyor məharətinin açılmasına rəvac verən əsərlər ölməzdir. Böyük Cəfərin ədəbi materialları da özündə məhz bu nüansları birləşdirir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin