Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2024 22:34
Ermənistanda separatçı siyasətçilər arasında seçkiqabağı ab-hava hökm sürür. Xüsusilə ləğv edilmiş separatçı rejimin "keçmiş təhlükəsizlik şurasının katibi" Samvel Babayan qarşıdan gələn seçki ilə bağlı ciddi əhval-ruhiyyədədir.
Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.
Separatçı İrəvanda siyasi qüvvələrlə görüşlər keçirməyə başlayıb. Babayan separatçılar və siyasi qüvvələrə seçkilərə ittifaq şəklində getməyi təklif edib. Ermənistan parlamentinin bəzi təmsilçilərinin də qatıldığı son iclasda Babayan artıq bu istiqamətdə hazırlıq işləri gördüyünü, vahid blokla iştiraka üstünlük verəcəyini bildirib. İştirakçılar təklifə o qədər də həvəs göstərməyiblər.
Babayan daha bir təkliflə çıxış edib: yeni qurum yaratmaq, onun vasitəsilə Ermənistan hakimiyyəti ilə əməkdaşlıq. O, əməkdaşlıq dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb. "Hraparak"ın iddiasına görə, Babayan bununla separatçıların "yeni lider"i olmaq iddiasını ortaya qoyur. Bu təklif də qəbul edilməyib.
Nəşrin fikrincə, Babayan Nikol Paşinyan hökumətinin layihəsidir. Mənbə onun "yeni birlik" yaratmaqda məqsədinin İrəvanda öz "fəaliyyət"ini davam etdirməyə çalışan keçmiş separatçı qurumun fəaliyyətinin tamamilə dayandırılması olduğunu yazır.
"Yeni qurumun formalaşdırılması bunun ləğvi demək olacaq, hakimiyyət məhz bunu istəyir", - məqalədə deyilir.
Nəşrin iddiasına görə, bütün görüş boyu Babayan əmin edib ki, uzun müddətdir Ermənistan hakimiyyəti ilə əlaqə saxlamır, amma oradakılar bu sözlərinə inanmayıblar.