Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2019 14:20
Bakı. Samir Əli - Trend:
Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində baş verən sürüşmə zamanı çökən yolun bərpası üçün lazımi tədbirlər davam etdirilir.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, nəqliyyatın intensiv hərəkət etdiyi bu yolun bərpası bir neçə ay davam edəcək: "Hazırda yolun bərpa işləri ilə yanaşı geoloji kəşfiyyat işləri də aparılır və bu gələcəkdə baş verəcək hadisələrin qarşısını almaq məqsədi daşıyır. Hazırda həmin ərazidə torpaq qatı çökərək, aşağıda ”Bayıl buxtası" küçəsini bağlayıb. Həmin küçənin açılması üçün tədbirlər görülür.
Bundan başqa dağ yamacının ağırlığını yüngülləşdirmək üçün həmin hissədən torpaq qatı ərazidən kənara daşınır. Aparılan kəşfiyyat işləri nəticəsində həmin torpaqda, yerin altında gedən proseslər müəyyənləşdirilir. Ondan sonra isə geoloji kəşfiyyat işləri nəticəsində bu kimi hadisələrin gələcəkdə baş verməməsi nəticəsində hansı geoloji tədbirlərin görülməsi ilə bağlı rəy hazırlanacaq. Həmin rəyə əsasən layihə hazırlanıb bərpa işlərinə start veriləcək. Yoldakı intensiv hərəkət və Bakının əsas girişlərindən biri olduğu nəzərə alınaraq bu prosesin tez bir zamanda həyata keçirilməsi nəzərdə tutulur. Lakin buna baxmayaraq, qısa müddət ərzində orada bu kimi işləri tam olaraq başa çatdırmaq mümkün deyil. Bu proses bir neçə ay davam edəcək, ancaq bir iş digərinə mane olmadan həyata keçiriləcək".
A.Nəcəfli deyib ki, geoloji kəşfiyyat işləri zamanı yol çöküntüsünün hansı səbəbdən baş verməsi də tam dəqiqliyi ilə aydınlaşdırılacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin