Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - FOTOlar

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - FOTOlar

Tarix: 9 Oktyabr 2024 22:36

"Yaz ayları idi. Polad hərbi formada deyildi, kostyum geyinmişdi. O vaxtadək tanımamışam onu. Bizim uzaq qohumluğumuz olub. Polad da mənim kimi Qəbələnin Vəndam kəndindən olsa da, Sumqayıtda böyümüşdü. Həm də hərbçi idi, kəndə çox az gəlirdi. Ailəsi onu evləndirməyə qərar verəndə məni məsləhət görüblər. Deyiblər ki, belə bir yaxşı ailənin yaxşı qızı var. Valideynlərimə də bildirdilər. İki ailə qərar verdi ki, əvvəlcə bizi görüşdürsünlər". 

Sonxeber.net xəbər verir ki, bunu "Azərbaycan" qəzetinə müsahibəsində Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanova həyat yoldaşı ilə bağlı xatirələrini danışarkən deyib.

"İndiki kimi telefon, sosial şəbəkə yox idi ki, şəkillərimizi bir-birimizə göstərsinlər. Polad Həşimov bir dəfə kənddə toya gələndə məni görübmüş. Ancaq adımı, kimin qızı olduğumu öyrənməyə macal tapmadan hərbi hissəyə qayıdıbmış. Biz görüşəndə o bildi ki, elə toyda gördüyü həmin qızam. Mən isə ilk baxışdan diqqət etdim ki, dövrünün gənclərindən çox seçilir... İyirmi səkkiz yaşı vardı. Çox çətinliklərdən keçən insanlar yaşıdlarından daha yetkin olurlar. Onun da dünyagörüşü, danışığı, həyata baxışı, fikirləri çox fərqli idi. Mən də magistraturada ikinci kursda oxuyurdum, iyirmi üç yaşındaydım, artıq həyata öz baxışım, öz yanaşmam vardı.

O görüş, bizim qarşılaşmağımız təsadüf ola bilməzdi. Ümumiyyətlə, təsadüflərə heç vaxt inanmamışam. Həmişə deyirəm ki, o dağın başında, mən kitabxanada... Məni necə görə bilərdi? Demək ki, Allah istəyincə olur.

"Gül alsın, qızın xoşuna gələn sözlər deməyə çalışsın... Yox... İkinci dəfədir məni görür, elə danışır, sanki dünən ayrılmışıq: "Gəncəyə gəlmişdim, dedim, bir gəlim səni də görüm. Hə, necəsən?" On-on beş dəqiqə söhbət etdik. Gümüş bir üzük uzatdı mənə: "Gör barmağına olur bu üzük?", - dedi və getdi. Sanki mənə evlilik təklifi edib, "hə" cavabı alıb, qalıb üzük verməyi. Onun ardınca baxa-baxa qaldım. Sonra məni gülmək tutdu. Öz-özümə dedim ki, bu, əsl mən istədiyim insandır... Sanki zaman içində zaman yaratmalı idi Polad. O uzunluqda yollardan keçib gəlməli, məni görməliydi. Və vaxtında hərbi hissədə olmalıydı. Bunların hamısını edə bilmişdi... Bir-iki aydan sonra nişanlandıq" - Ofelya xanım ilk tanışlıqdan danışarkən bildirib.

Ofelya Salmanova nəyə görə soyadını dəyişmədiyini sualına da aydınlıq gətirib: "Nikah mərasimində bu sual veriləndə Polad məndən əvvəl cavab verdi: "Yox, dəyişməyəcək. Onun öz soyadı öz adına daha çox yaraşır. Onsuz da o, bir ömür mənim həyat yoldaşım olacaq". "Sanki bununla dedi ki, mən sənin sahib olduqlarına hörmət edəcəyəm, - Polad Həşimovun ozamankı qərarı barədə Ofelya xanım belə düşünür. - Bu gün eşidirəm, söyləyirlər ki, nəyə görə soyadı fərqlidir. Hətta "Polad Həşimovun soyadına keçin", deyənlər var. Cavab verirəm ki, soyadım mənə iki nəfərdən - atamdan və həyat yoldaşımdan yadigardır. Çünki Salmanova ata soyadımdır, həyat yoldaşım onu dəyişməyə qoymadı. İndi soyadına keçsəm, sözündən çıxmış olacağam. Dedi, dəyişmə, mən də dəyişmədim. İkincisi, onun soyadından istifadə etmiş kimi olacağam. Elə bir məqamlar ola bilər, qoşa soyadla - Həşimova-Salmanova kimi yaza bilərəm...

Uşaqlar balaca olanda işləmədim. Onlar böyüdülər. 2018-ci ildə müəllim işləmək üçün imtahan verdim. Əgər Polad icazə verməsəydi, mən heç imtahana hazırlaşa bilməzdim. Bizim dəyər verdiklərimiz onun üçün dəyərli idi. Yaxşı müəllim olacağıma əmin idi. İmtahandan keçdiyimi biləndə yumruğunu düyünləyərək astaca yerə vurdu. Sevincini belə bildirdi. Mən də dərs cədvəlimi elə qurdurdum ki, Poladı, uşaqları yola salandan sonra evdən çıxa, hamıdan tez qayıda bilim. Yəni işlədiyim iki il müddətində onun düzəni pozulmadı. Gördü yenə səliqə-sahman yerli-yerindədir, yemək hazırdır. Şəmkirdə yaşayırdıq. Şəmkir kənd məktəbində müəllim işləyirdim. Həyat yoldaşım polkovnik idi. Sonra general oldu. Amma mən - general arvadı hər gün kənd məktəbinə kiçik, köhnə avtobusla bir saat yol gedirdim..."

Ofelya xanım Polad Həşimovun şəhid olduğu günü belə xatırlayır:

"Pandemiya dövrü idi. Çox pis xəstələndim. Soyuqlamışdım, öskürürdüm. Polad bizi özü Qəbələyə aparmalı idi. Cəbhə bölgəsində durum çox qarışıq idi. Vəziyyət daha da gərginləşmişdi. O, bizi Qəbələyə göndərəndə: "Siz gedin, mən də gələcəyəm", - dedi" 14 gün idi Qəbələdə idik. Yuxudan dəhşət içində "Polad" deyib qışqıqırdım və öz səsimə oyandım.

Qohumlar gəlməyə başladı. Mən hələ sağalmamışdım. Fikirləşdim yəqin məndən hal-əhval tutmağa gəlirlər. Amma saat 8-də gəlmələrinə təəccübləndim. Uşaqlar da yataqdan qalxdılar. Qohumlar danışırdılar: "Cəbhə bölgəsində vəziyyət bir az qarışıb. Sosial şəbəkədə xəbər yayılıb ki, Polad yaralanıb". Biz inanmadıq. Başladıq onlara təsəlli verməyə ki, narahat olmayın, Aprel döyüşlərində də elə xəbər yayılmışdı. Düşünürdüm, Polada heç nə olmaz. Amma yenə saytlara baxır, xəbərləri oxuyurdum. Donub qalmışdıq... Pəncərədən boylandım, həyətdə orda-burda adamlar dayanmışdılar. Demə, bizdən başqa hamı bilirmiş... Böyük həyət qapısını açdılar. Küçədə nə qədər adam vardı... Mən onda başa düşdüm...

Poladın xətrini çox istədiyi əmisi "qızım" deyib gələndə... Dedim: "Yaxına gəlməyin". Bildim ki... baş verib artıq...". Poladı mən yuxuda adını çağırıb qışqırdığım an vurmuşdular. Böyük oğlum isə həmin dəqiqələrdə yuxusunda atasının vurulduğunu görmüşdü".

"Polad fiziki olmasa da, yenə bizim yanımızdadır. Ömrümüzü onun üçün yaşayırıq. Amma bir kəlmə soruşmaq var ha... Polad, neyləyim? Və cavab almamaq var... O çox çətindir. Ancaq düşünürəm ki, şükür Allaha, ondan sonra həyatımızı davam etdirə bilirəm... Çalışıram hər şey onun görmək istədiyi kimi olsun. Qızım bir dəfə mənə dedi: "Bizim həyatda heçmi səhv etmək şansımız yoxdur? Çünki insanlar elə bilirlər, məsələn, imtahandan biz ancaq beş almalıyıq. Cavab verdim ki, əlbəttə, içindən çıxmağınız müşkül olan çətinliklə qarşılaşa, qərarlarınızı düzgün verməyə bilərsiz. Həyatdır... Önəmli olan özünü hər gün bir az da inkişaf etdirmək, mənəviyyatı, insanlığı, əxlaqı və ən əsası Polad Həşimovun ad-sanını qorumaqdır" - Ofelya xanım əlavə edib.


Etiketlər:  Sanki mənə evlilik təklif edibhə cavabı alıb FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ