Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2019 11:04
Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) sədri, millət vəkili Qənirə Paşayeva və Türkiyənin Üsküdar Universitetinin nəzdində fəaliyyət göstərən Təsəvvüf Araşdırmaları İnstitutunun rəhbəri Camalnur Sarqut ziyarət edib.
Qonaqları Aİİ-də görməkdən məmnunluğunu ifadə edən rektor C.Məmmədov ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında məlumat verib.
İnstitut rəhbəri ölkəmizdə tarixən mövcud olan milli-mənəvi mühitin qorunub saxlanıldığını, həmçinin dini təhsil sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Prezident cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradıldığını qeyd edib. Ali tədris ocağının fəaliyyətində beynəlxalq əlaqələrə xüsusi önəm verdiyini qeyd edən rekor Türkiyə, Rusiya, Malayziya və İndoneziyanın bir sıra universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu nəzərə çatdırıb.
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) sədri, millət vəkili Qənirə Paşayeva Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını ölkəmiz üçün əhəmiyyətli hadisə hesab etdiyini bildirib. Vurğulayıb ki, xüsusilə son illər dünyada gedən gərgin, mürəkkəb siyasi proseslər bu qərarın doğru və yerində olduğunu göstərir.
Millət vəkili İnstitutun ölkəmizdə milli dini kadrların formalaşdırılmasında mühüm rolu olacaq ali təhsil müəssisəsi kimi nüfuz qazanacağına ümidvar olduğunu bildirib.
Təsəvvüf araşdırmaçısı, yazar Camalnur Sarqut Azərbaycanda belə bir ali təhsil müəssisəsinin fəaliyyətə başlamasını böyük məmnunluqla qarşıladığını vurğulayıb. Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirən araşdırmaçı-yazar İnstituta gələcək fəaliyyətində uğurlar arzulayıb. Təhsil müəssisəsində İslamla yanaşı, digər dinlərin, həmçinin dünyəvi elmlərin də tədris edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
Görüşdə Aİİ və Üsküdar Universitetinin nəzdində fəaliyyət göstərən Təsəvvüf Araşdırmaları İnstitutu ilə elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq; maraq doğuran mövzularda təcrübələrdən qarşılıqlı faydalanma; birgə elmi konfrans, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması; tələbə, müəllim mübadiləsi barədə müzakirələr aparılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin