Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2024 23:40
Sonxeber.net APA-ya istinadənTbilisi meri Kaxa Kaladzenin Vesti.az-a müsahibəsini təqdim edir:
- Bütün dünya Tbilisiyə baxır və Gürcüstanda nə baş verdiyi ilə bağlı maraqlanır. Onlara nə deyə bilərsiniz?
- Həqiqətən də dövlət çevrilişinə cəhd olub. Bu, uzun müddətdir ki, hazırlanır və bu işdə xaricilərin əli var. Ukraynada baş verən hadisələrin təkrarlanması üçün konkret qeyri-hökumət təşkilatlarına və partiyalara birbaşa maliyyə ayrılıb. Ancaq cəmiyyət gördü ki, Tiflisdə "Milli Maydan" baş tutmadı və biz heç kimə dövlət çevrilişi edib cəmiyyəti parçalamağa imkan verməyəcəyik. Biz ölkədə sabitliyi qoruyacağıq ki, bu da indiki vəziyyətdə həm region, həm də dünya üçün önəmlidir. Biz hər yerdə hansı proseslərin getdiyini görürük, ona görə də bu gün sülh və əmin-amanlığın alternativi yoxdur.
- Bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Hazırda müxalifətlə iqtidar arasında qarşıdurma daha da güclənir.
- Qarşıdurmaya gəlincə, gördünüz ki, bir neçə gün əvvəl müvafiq istintaq-əməliyyat tədbirləri həyata keçirilib, orada ictimaiyyət bütün bunların haradan idarə olunduğunu, bu zorakılıq hərəkətlərinin kimdən gəldiyini , kimin bunları təqviq etdiyini gördü.
Bunun arxasında konkret siyasi partiyalar və onların rəhbərləri dayanırdı, baxmayaraq ki, onlar ictimaiyyətə deyirdilər ki, biz siyasətçilərin bununla heç bir əlaqəsi yoxdur, burada olanlar sadə vətəndaşlardır, amma xalq reallığı gördü, hansı proseslərin getdiyini gördü.
Müvafiq istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra yəqin ki, iki gün ərzində etirazçılar tərəfindən zorakılığın olmadığını gördünüz. Bu, hər kəsin iştirak etmək hüququna malik olduğu dinc nümayiş idi. Amma zorakılıq baş verən kimi, bunun ardınca dövlət tərəfindən müvafiq reaksiya veriləcək.
- Gürcüstan hara gedir və "Gürcü arzusu" Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdıra biləcəkmi?
- Bizim ən mühüm istiqamətimiz müstəqillik və onun möhkəmlənməsidir. Bunun üçün əcdadlarımız, əvvəlki nəsillərimiz qanlarını töküblər və biz ölkənin suverenliyini qorumaq üçün əlimizdən gələni edəcəyik, heç kimə imkan verməyəcəyik ki, ölkəmiz hansısa böyük ölkənin maraqlarını həyata keçirmək üçün kimsə tərəfindən istifadə edilsin. Bizdə sülh olacaq, iqtisadi inkişafımız olacaq və təbii ki, biz layiqli Avropa gələcəyini istəyirik!
Biz Avropadan danışırıq, o nəyi ilə maraqlıdır?
Avropa bizə əziz olan əsas fundamental dəyərlərin üzərində dayanıb. Bu, bu gün görmədiyimiz ədalətdir. Biz Gürcüstana qarşı ancaq ədalətsiz rəftar və şantaj görürük. Namizəd statusu məsələsində belə idi, indi danışıqların açılması/bağlanması ilə bağlı baş verənlər də məhz budur, yalnız ədalətsizlik və şantaj. Ölkədə qorunan söz və ifadə azadlığı bizim üçün önəmlidir, mülkiyyət hüquqlarının qorunması vacibdir. Biz hamımız bunu bu şəkildə edirik, yalnız bundan sonra Avropa İttifaqına layiqli üzv olmaq haqqında düşünürük.
- Gürcüstanla Azərbaycan arasında ikitərəfli əlaqələr haqqında nə deyə bilərsiniz? Nəsə dəyişə bilər?
-Dəyişəcək yeganə şey o olacaq ki, ölkələrimiz arasında münasibətlər daha da dərinləşəcək. Biz dost xalqlarıq, Azərbaycan bizim strateji tərəfdaşımızdır və bu, özünü bir çox cəhətdən göstərir. Bu dostluq daha da möhkəmlənəcək. Hər ikisində sülh olacaq - həm Azərbaycanda, həm Gürcüstanda, həm də bütövlükdə regionda sülh olacaq. Və bu birliklə biz daha da güclü dövlətlər olacağıq.