Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Uşaqlığında ona “Yetim İlyas” deyərmişlər...”

“Uşaqlığında ona “Yetim İlyas” deyərmişlər...”

Tarix: 17 Fevral 2025 19:18

"Uşaqlığında ona "Yetim İlyas" deyərmişlər. Çünki o, 6 aylığında olanda milis atasını qaçaqlar öldürmüşdülər".

Sonxeber.net xəbər verir ki, bunu jurnalist Elxan Şükürlü bu gün dünyasını dəyişən sabiq baş prokuror İlyas İsmayılov haqqında  sosial şəbəkə hesabındakı paylaşımda deyib.

"Müharibə başlayanda isə dayısını əsgər apardıqlarından anası Mələk xanım qardaşının da uşaqlarına baxmaq üçün iki körpə övladı İdris və İlyası da götürüb kəndə qayıtmışdı. "Yetim İlyas" ləqəbini də elə burada - kənddə qoymuşdular.

Heç kim inanmazdı ki, gün gələcək, bu "Yetim İlyas" nəinki Azərbaycanda, dünyanın ən nəhəng ölkəsi sayılan SSRİ-də belə ən ciddi söz, nüfuz sahiblərindən biri olacaq, bütün hüquqşünasların arzuladığı ən böyük zirvələri fəth edəcək - Azərbaycan SSR prokuroru, SSRİ Prokurorluğunun Həbsxanalara Nəzarət İdarəsinin rəisi, müstəqil Azərbaycanın ədliyyə naziri, hüquq elmləri doktoru olacaq!

Üç aydan çox ölüm yatağında da o sarsılmaz iradəsini hər kəsə göstərdi: Oğlu Etimadı düşmən gülləsiylə itirmiş, onunla son anda halallaşmamışdı deyə, qürbətdə yaşayan ikinci oğlu Mətinin gəlib çıxmasına, əlini tutmasınadək ölümə təslim olmadı, dözdü... Nəhayət, bu gün - fevralın 17-də o da hər kəsin dadacağı ölümə təslim oldu".

Qeyd olunub ki, İlyas İsmayılovun cənazəsi sabah saat 11:00-da "Heydər" məscidindən götürüləcək. O, vəsiyyətinə uyğun olaraq Nardaran qəbiristanlığında, oğlu Etimadın yanında dəfn ediləcək.


Etiketlər:  Uşaqlığında Yetim İlyas deyərmişlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ