Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2025 18:28
Qadınlar Gününün təməli 1908-ci ildə Nyu-Yorkda 15 min tekstil işçisinin küçələrə axışaraq daha qısa iş saatları, ədalətli əməkhaqqı və seçki hüququ tələb etməsi ilə qoyuldu. Bir il sonra Amerika Sosialist Partiyası 8 Martı Milli Qadınlar Günü elan etdi. Lakin bu tarixin beynəlxalq səviyyəyə qaldırılması ideyası alman kommunist və qadın hüquqları müdafiəçisi Klara Setkin tərəfindən irəli sürüldü.
1910-cu ildə Kopenhagendə keçirilən Beynəlxalq Əməkçi Qadınlar Konfransında Setkin Dünya Qadınlar Gününün qeyd olunması təklifini verdi. Konfransa qatılan 17 ölkədən 100 qadın bu ideyanı yekdilliklə dəstəklədi. İlk beynəlxalq tədbirlər 1911-ci ildə Avstriya, Danimarka, Almaniya və İsveçrədə təşkil olundu. 2011-ci ildə isə Dünya Qadınlar Gününün 100 illiyi böyük miqyaslı tədbirlərlə qeyd edildi.
1977-ci ildə BMT 8 Mart - Dünya Qadınlar Gününü rəsmi olaraq tanıdı və o gündən bəri hər il üçün xüsusi bir mövzu müəyyən etməyə başladı.
Bu gün qadın hüquqları uğrunda mübarizənin simvolu kimi qeyd olunur və bəşəriyyətin yarısını təşkil edən qadınların cəmiyyətə verdiyi töhfələrin tanınması üçün önəmli bir platformaya çevrilib.
Sonxeber.net xəbər verir ki, Azərbaycanda qadınlar günü rəsmi olaraq 1921-ci ildən qeyd edilib. Belə ki, Azərbaycan Şura Cümhuriyyətinin dövlət başçısı Nəriman Nərimanovun 8 Martın "Əməkçi qadınlar günü" elan edilməsi ilə bağlı 7 mart 1921-ci il tarixli əmrindən sonra qeyd edilib.
Əmrdə qeyd edilib: "Qarşıdan gələn "Qadın işçilər günü" bayramı ilə əlaqədar olaraq bütün müəssisələrdə çalışan qadın işçilər 8 Martda bütün işlərdən azad edilir və bu səbəbdən bütün hərbi, mülki qurumlar, fabrik komitələri və bütün təşkilatlardan qadın işçiləri vaxtında xəbərdar etmələri xahiş olunur.
Bu sərəncam ictimai iaşə yeməkxanalarına, yemək məntəqələrinə, körpələr evi və uşaq bağçalarına xidmət göstərən işçilərə şamil edilmir və bu səbəbdən adıçəkilən müəssisələrdə işlər adi qaydada aparılacaq". /Modern.az