Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2019 20:06
Bakı. Samir Əli - Trend:
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq tərəfdaşlıq zəminində uğurla inkişaf edir.
Bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) şöbə müdiri Hikmət Hacıyev Trend İnformasiya Agentliyinin “Sahil Kərimli ilə müsahibə zamanı” müəllif layihəsində Azərbaycanla Avtopa İttifaqı (Aİ) arasında əlaqələrdən danışarkən deyib.
H.Hacıyev Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin inkişafında dövlətimizin başçısının 2017-ci ilin əvvəlində Aİ-nin mənzil qərargahına səfəri, Avropa İttifaqının prezidenti Donald Tuskla müzakirələrini xüsusilə qeyd edib: "Bu, Avropa İttifaqı ilə Azərbaycan əlaqələrində yeni bir səhifənin açılmasına imkan yaratdı. Bu prosesin məntiqi davamı kimi keçən ilin yayında Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın prioritet istiqamətlərini özündə ehtiva edən tərəfdaşlıq sənədi imzalandı ki, burada da Aİ tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə olundu. Eləcə də əməkdaşlıqda prioritet istiqamətlər, Cənub Qaz Dəhlizi, humanitar, siyasi və digər məsələlər qeyd olunmuşdu. Ona görə də bu gün Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hərtərəfli şəkildə inkişaf etdiyini əminliklə deyə bilərik".
PA rəsmisi deyib ki, gündəlikdə duran vacib məqamlardan biri də Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni saziş layihəsidir: "Biz bərabərhüquqlu tərəf olaraq Avropa İttifaqı ilə dialoqu və müzakirələri davam etdiririk. Danışıqlar davam edir, Aİ-nin bu saziş üzrə nümayəndə heyəti 23-25 aprel tarixlərində ölkəmizdə səfərdə oldu. Sazişə gəldikdə, sənəd siyasi, sektaral və ticarət bölmələrdən ibarətdir. Bu saziş üzərində də danışıqlar prosesində Azərbaycan məhz bərabərhüquqlu tərəfdaş qismində çıxış edir".
H.Hacıyevin sözlərinə görə, Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı proqramı çərçivəsində bəzi iştirakçı dövlətlər var ki, onlar donor yardımı alan ölkələr qismində çıxış edirlər:
"Azərbaycan heç kimdən donor yardımı almır və buna ehtiyacı yoxdur. Biz yalnız qarşılıqlı faydalı əməkdaşlıq prinsipindən çıxış edirik ki, bu da ölkəmizin maraqlarına xidmət edir. Bu prosesdə tərəflər arasında fərqli fikirlərin olması normaldır. Avropa İttifaqı, eyni zamanda 28 ölkənin mövqeyi deməkdir. Tərəflər arasında konstruktiv mühit var ki, fərqli tərəflərin yaxınlaşdırılması və ortaq nöqtələrin tapılması istiqamətində iş aparılır. Burada biz konkret vaxt yarışında da deyilik, tərəflərin maraqlarına cavab verəcək və əlaqələrimizin əsl mahiyyətini özündə ehtiva edəcək bir sazişin hasil olunması üçün konstruktiv dialoqumuz və əməkdaşlığımız davam etdirilir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin