Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 21:42
Prezident İlham Əliyevin peşə təhsili sahəsində yeni müəssisələrin yaradılması barədə imzaladığı Sərəncam ölkədə əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi baxımından olduqca mühüm önəm daşıyır. Rəqəmsallaşma, avtomatlaşdırma və qlobal iqtisadiyyatın tələb etdiyi bacarıqlar fonunda peşə təhsili sistemi həm iqtisadiyyatın şaxələnməsinə, həm də sosial inklüzivliyin artmasına mühüm təsir göstərən amillərdir. Dövlətin bu sahəyə xüsusi diqqət ayırması, şübhəsiz ki, həm yüksək standartlı təhsil modelinin yaradılmasına, həm də regionlarda məşğulluğun artırılmasına xidmət edəcək. Yeni müəssisələrin qurulması, modern tədris avadanlıqları və beynəlxalq təcrübəyə əsaslanan proqramların tətbiqi kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi baxımından da əhəmiyyətlidir.
Bunu Sonxeber.net-ə açıqlamasında Prezident İlham Əliyevin peşə təhsili sahəsində yeni müəssisələrin yaradılması ilə bağlı Sərəncamını şərh edərkən Milli Məclisin Elm və təhsil Komitəsinin üzvü deputat Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs eyni zamanda qadınların, əlilliyi olan şəxslərin və region gənclərinin peşə təhsilinə çıxış imkanlarını genişləndirmək məqsədi daşıyır:
“Dünya təcrübəsi göstərir ki, bu qrupların əmək bazarına inteqrasiyası üçün xüsusilə rəqəmsal xidmətlər, İKT-nin müxtəlif alt istiqamətləri, sosial və səhiyyə xidmətləri, eləcə də yüngül sənaye sahələrində ixtisaslar daha əlçatandır. Məsələn, qadınlar üçün kompüter savadlılığı, rəqəmsal marketinq, turizm xidmətləri kimi sahələr həm elastik iş qrafiki, həm də stabil əmək bazarı baxımından üstünlük təşkil edir. Əlilliyi olan şəxslər üçün isə rəqəmsal əməliyyatlar, məlumat daxil etmə, məsafədən verilən xidmətlər, montaj işləri və yüngül, fiziki güc tələb etməyən istehsal sahələri daha münasibdir. Region gəncləri üçün yerli iqtisadiyyatın tələblərinə uyğun olaraq kənd təsərrüfatı texnologiyaları, suvarma sistemləri, elektrik və tikinti ustası peşələri, logistika və nəqliyyat xidmətləri kimi sahələrin seçilməsi daha məqsədyönlüdür”.

Rəqəmsal bacarıqlar bütün ixtisaslara baza biliklərinin əsas komponenti kimi daxil edilməlidir
Elçin Mirzəbəyli yeni peşə təhsili müəssisələrinin modeli barədə də fikirlərini irəli sürüb. Deputatın fikrincə, yeni peşə təhsili müəssisələrinin modeli müasir iqtisadi tendensiyalara uyğun olaraq İKT ilə inteqrasiya olunmuş hibrid tədrisə əsaslanmalıdır.
“Tədrisin nəzəri hissəsinin onlayn modullar vasitəsilə, praktiki bacarıqların isə laboratoriya və simulyator şəraitində keçirilməsi təlim prosesini həm çevik, həm də daha səmərəli edə bilər. Virtual simulyatorlar, rəqəmsal tədris platformaları tələbələrin həm təhlükəsiz, həm də real istehsal mühitinə yaxın şəraitdə müxtəlif peşələrə yiyələnmələrinə imkan yaradır. Qənaətimə görə, Almaniyanın dual sisteminə bənzər modelin, yəni həm peşə məktəbi, həm də iş yeri olan müəssisələrin yaradılması işəgötürənlərlə birbaşa əməkdaşlığın güclənməsini, praktiki biliklərin real istehsal prosesində formalaşmasını təmin edə və məzunların iş tapmaq imkanlarını artıra bilər. Çağdaş reallıqları nəzərə alsaq, rəqəmsal bacarıqlar bütün ixtisaslara baza biliklərinin əsas komponenti kimi daxil edilməlidir. Belə ki, hazırda bütün peşə sahələri rəqəmsal texnologiyalardan istifadə bacarığı tələb edir”.
Hansı ixtisaslara prioritet verilməlidir?
Deputat qeyd edir ki, ixtisasların prioritetləşdirilməsinə gəldikdə isə, bu proses əmək bazarının real vəziyyəti və yaxın illər üçün proqnozları əsasında aparılmalıdır.
“Rəqəmsal texnologiyalar, proqramlaşdırma, kibertəhlükəsizlik, data analitikası kimi İKT sahələri hazırda qlobal tendensiyalara uyğun olaraq ən yüksək tələb olunan istiqamətlərdir. Bundan başqa, avtomatlaşdırılmış istehsal kimi peşələr də gələcəyin sənayeləşmə prosesinin əsas dayaq nöqtələridir. Yaşıl enerji və enerji səmərəliliyi ilə bağlı texniki ixtisaslar həm regional, həm də beynəlxalq səviyyədə geniş perspektivlər açır. Səhiyyə və sosial xidmətlər sahəsi isə həm əhali artımı, həm də sosial ehtiyaclar səbəbindən daim tələbatlı olaraq qalır”.
Regionların iqtisadi potensialı və mövcud sənaye infrastrukturu nəzərə alınmaqla Gəncə, Mingəçevir, Şirvan, Sumqayıt və həmçinin sosial-iqtisadi təkana, dinamikaya böyük ehtiyac duyan kimi Ağsu, Neftçala, Saatlı, İmişli və digər şəhər və rayonlarda da müasir mərkəzlərin qurulması daha səmərəli nəticələr verə bilər
Elçin Mirzəbəyli hesab edir ki, yeni müəssisələrin yerləşəcəyi bölgələrin seçilməsi də strateji əhəmiyyət daşıyır:
“İşğaldan azad edilmiş ərazilərdə peşə təhsili mərkəzlərinin yaradılması həm Böyük Qayıdış prosesinin tərkib hissəsi, həm də yerli əhalinin məşğulluğunu təmin edən əsas mexanizmlərdən biri hesab oluna bilər. Regionların iqtisadi potensialı və mövcud sənaye infrastrukturu nəzərə alınmaqla Gəncə, Mingəçevir, Şirvan, Sumqayıt və həmçinin sosial-iqtisadi təkana, dinamikaya böyük ehtiyac duyan kimi Ağsu, Neftçala, Saatlı, İmişli və digər şəhər və rayonlarda da müasir mərkəzlərin qurulması daha səmərəli nəticələr verə bilər. İKT yönümlü tədris üçün isə şəhər mərkəzlərində universitetlərə yaxın mühit, zənnimcə daha effektivdir”.
Əlilliyi olan şəxslərin və digər sosial həssas qrupların bu sistemə çıxışının genişləndirilməsi üçün hansı işlər görülməlidir?
“Əlilliyi olan şəxslərin və digər sosial həssas qrupların bu sistemə çıxışının genişləndirilməsi üçün ilk növbədə fiziki əlçatanlıq, uyğunlaşdırılmış avadanlıq, fərdi tədris planları, təqaüdlər və nəqliyyat dəstəyi kimi mexanizmlər tətbiq olunmalıdır. Eyni zamanda inklüziv iş yerləri yaradan müəssisələr üçün vergi güzəştləri və motivasiya xarakterli digər dəstək mexanizmlərinin müəyyən edilməsi prosesin davamlılığını təmin edə bilər.
Peşə təhsilində süni intellekt və avtomatlaşdırmanın tətbiqi həm təhsil prosesinin keyfiyyətini yüksəltməyə, həm də tələbələrin gələcəkdə əmək bazarına adapdasiya olmalarını sürətləndirməyə imkan yaradır. Süni intellekt (Sİ) əsaslı tədris sistemləri hər bir tələbənin öyrənmə potensialına və sürətinə uyğun fərdiləşdirilmiş materiallar təqdim edə bilər. Virtual laboratoriyalar və sənaye platformaları real istehsal proseslərinin simulyasiyasını təqdim edərək tələbələrin təhlükəsiz və yüksək keyfiyyətli praktiki təcrübə qazanmasına imkan yaradır. Bununla yanaşı, süni intellektdən etik istifadə, məlumatların təhlükəsizliyi və insan–Sİ münasibətləri kimi mövzular bütün peşə sahələri üçün tədris prosesinin ayrılmaz hissəsi olmalıdır.
Bütün bu istiqamətlər bir araya gəldikdə isə, Prezident İlham Əliyevin imzaladığı Sərəncam yalnız yeni binaların tikintisi deyil, həm də Azərbaycanda gələcəyin inklüziv, rəqabətqabiliyyətli və texnologiyaya əsaslanan peşə təhsili ekosisteminin qurulması üçün mühüm siyasi iradənin ifadədəsi kimi qiymətləndirilməlidir. Uğur isə doğru ixtisas seçimi, işəgötürənlərlə səmərəli əməkdaşlıq, inklüzivlik prinsiplərinə sadiqlik və tədris prosesinin rəqəmsal innovasiyalarla zənginləşdirilməsi nəticəsində mümkün olacaq”, - deputat vurğulayıb.

Əmək bazarının təhlili: Hansı sahələrdə işçi çatışmazlığı var və ən çox tələb olunan bacarıqlar?
Mövzu ilə bağlı Sonxeber.net-ə iqtisadçı Eldəniz Əmirov aydınlıq gətərərək bildirib ki, yeni peşə təhsil müəssisələrinin yaradılması ilə bağlı olan sərəncamı çox önəmli dir:
"Çünki bu gün Azərbaycanda istehsal, emal, xidmət və iqtisadiyyatın digər sahələrində kadr çatışmazlığı mövcuddur. Üstəlik, kadr çatışmazlığının daha böyük hissəsi ali təhsilli mütəxəssislər deyil, məhz peşə təhsilli kadrlardır. Bu baxımdan düşünürəm ki, uzunmüddətli dövrdə problem öz həllini tapa bilər, əgər sərəncamdan irəli gələn tapşırıqlar peşəkar səviyyədə və ardıcıl şəkildə icra olunarsa.
Kadr çatışmazlığı xüsusən müasir texnoloji sahələrdə daha qabarıq şəkildə müşahidə olunur. Məsələn, şəbəkə administrasiyası, kibertəhlükəsizlik, informasiya texnologiyaları, proqramlaşdırma, kompüter texnologiyaları və onların yeni nəsil modelləri üzrə peşəkar kadrlara tələbat çox yüksəkdir və bu sahələrdə ciddi boşluq var. Həmçinin rəqəmsal iqtisadiyyat və analitika istiqamətləri üzrə də mütəxəssislərə böyük ehtiyac mövcuddur. Bununla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən emal müəssisələrində müasir avadanlıqlarla işləyə bilən ixtisaslı kadrların sayının az olması səbəbindən böyük tələbat yaranır.
Müşahidələr göstərir ki, sahibkarlar bizneslərində uyğun mütəxəssisləri işə cəlb etməkdə çətinlik çəkirlər. Problemin əsas səbəblərindən biri hazırda bu sahələr üzrə kadr hazırlığı bazasının zəif olmasıdır. Buna görə də kadr hazırlığının ən səmərəli istiqaməti peşə təhsil məktəblərinin gücləndirilməsidir".
20-30 il sonra işəgötürənlər iş axtaran şəxsdən diplom yox, onun real bacarıqlarını tələb edəcək
"Gələcəyin peşələrinə gəldikdə isə düşünürəm ki, burada rəqəmsal dünya, data və süni intellektə əsaslanan sahələr bir mənalı olaraq önə çıxacaq. Süni intellektin tətbiqi, onun idarə olunması və bu texnologiyadan istifadə edən istiqamətlər xüsusi əhəmiyyət daşıyacaq. Bu sahələrə ciddi diqqət ayrılması vacibdir. Eyni zamanda fürsətdən istifadə edib gənclərə bildirmək istərdim ki, gələcəkdə ali təhsil və ya universitet diplomu deyil, şəxsi bacarıqlar əsas olacaq. Yəni 20–30 il sonra işəgötürənlər iş axtaran şəxsdən diplom yox, real bacarıqlar tələb edəcəklər. Buna görə də gənclər daha çox praktiki bilik və bacarıqlara fokuslanmalıdırlar.
Gələcəyin peşələrinə hazırlıqda ən vacib amillərdən biri məntiqdir. Məntiqi düşüncə və düzgün düşüncə tərzi böyük əhəmiyyət kəsb edir. Məntiqi düşüncəyə sahib olan insanlar hansı sahəyə yönəlsələr, həmin istiqamətdə daha tez və daha dərin biliklər əldə edə bilirlər.
Eyni zamanda rəqəmsal bacarıqlar həm bu gün, həm də gələcək üçün çox vacibdir. Peşədən asılı olaraq müxtəlif texniki bacarıqlar tələb oluna bilər. Ümumiləşdirsək, gələcəyin peşələrində həm “sərt bacarıqlar” (texniki bilik və bacarıqlar), həm də “yumşaq bacarıqlar” (ünsiyyət, yaradıcılıq, problem həll etmə və s.) əsas rol oynayacaq. Bu iki bacarıq qrupu gələcəyin əmək bazarında uğurun həlledici amilləri olacaq", - o əlavə edib.
Peşə məktəblərində təklif edilən ixtisaslar həmin bölgənin iqtisadiyyatının spesifikasına uyğun formalaşdırılmalıdır
Eldəniz Əmirov qeyd edir ki, peşə təhsil mərkəzləri bütün ölkə üzrə regionları əhatə etməlidir:
"Xüsusilə, peşə təhsil müəssisələri artıq mövcud olan bölgələrdən fərqli olaraq, yeni mərkəzlər həmin müəssisələrin olmadığı regionlarda yaradılmalıdır. Bu mərkəzlərin bölgüsü regionlar üzrə balanslı şəkildə aparılmalıdır. Eyni zamanda peşə məktəblərində təklif olunan ixtisaslar həmin bölgənin iqtisadiyyatının spesifikasına uyğun formalaşdırılmalıdır. Yəni əgər bir region kənd təsərrüfatı, sənaye, logistika və ya xidmət sahəsində daha çox inkişaf edibsə, həmin peşə məktəbində də məhz bu sahələrə uyğun ixtisaslara üstünlük verilməlidir. Bu yanaşma həm yerli əmək bazarının tələblərinə cavab verər, həm də məzunların iş tapmaq imkanlarını artırar".
11 Dekabr 2025 22:27
11 Dekabr 2025 22:24
11 Dekabr 2025 22:21
11 Dekabr 2025 22:18