Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2025 01:50
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Şimal qəsəbəsində səyyar qəbul keçirilib.
Qəbulda Nabran İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Şimal və Turist qəsəbələri, eləcə də Nabran, Dalğalı, Günəşli, Meşəli, Samurçay və Tel kəndlərinin sakinləri iştirak ediblər.
Görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri, suvarma kanallarının təmizlənməsi və əvvəlki illərdə paylanılan torpaq sahələrinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.