Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AQTA apteklərdə saxtakarlıq aşkarladı

AQTA apteklərdə saxtakarlıq aşkarladı

Tarix: 16 Dekabr 2019 13:46

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, AQTA-ya "İnvest-Plus" MMC şirkəti tərəfindən "Alisa İlaç Qida Kozmetik San. Ltd. Şti" şirkətinin istehsal etdiyi "Foden" əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinin (BFMQƏ) ölkəyə idxalı ilə bağlı 09.09.2019-cu il tarixində daxil olan müraciət əsasında sözügedən məhsuldan nümunələr götürülərək ekspertizanın aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Sınaq protokoluna əsasən məhsul nümunəsi qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə cavab verdiyi üçün Agentlik tərəfindən qida əlavəsinə qida təhlükəsizliyi sertifikatı verilib.

Lakin 19.11.2019-cu il tarixində "Foden" nişanlı BFMQƏ-nin içlik təlimatında və qablaşdırmanın üzərində olan məlumatların müxtəlif olması ilə bağlı Agentliyə daxil olan vətəndaş müraciəti əsasında müxtəlif aptek şəbəkələrində monitorinqlər aparılıb. Monitorinqlər zamanı "Foden" əmtəə nişanlı məhsul aptek şəbəkələrindən satınalma yolu ilə əldə edilib və təkrar müayinə üçün laboratoriyaya təqdim olunub.

Təkrar ekspertiza nəticəsində məhsulların içlik təlimatlarının və qablaşdırma materiallarının dəyişdirildiyi aşkarlanıb. Belə ki, Agentliyə qida təhlükəsizliyi sertifikatının alınması üçün təqdim olunan nümunənin "İstifadə qaydası və dozası" bəndində "14 yaşdan yuxarı uşaqlar və böyüklər 2 damcı gündə 1-2 dəfə" ifadəsi qeyd olunsa da, aptek şəbəkələrindən götürülmüş nümunələrin içlik təlimatlarında "0-1 yaşa qədər uşaqlar 2 damcı, 1-13 yaş 3 damcı, 14-18 yaş 5 damcı, 19-70 yaş 3 damcı" ifadəsi əks olunub. Eləcə də, "Əks göstərişlər" bəndi aptek şəbəkələrindən götürülən nümunələrin içlik təlimatlarında qeyd olunmayıb.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"na əsasən isə bu məhsulların istifadəsinə 4 yaşdan yuxarı uşaqlar üçün icazə verilir.


Etiketlər:  AQTA apteklərdə saxtakarlıq aşkarladı


RƏYLƏR