Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 14:48
Bakı. Trend:
"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində 2019-cu il “Nəsimi ili” ilə bağlı “Nəsimi və aşıq” sənəti mövzusunda tədbir keçirilib.
İctimai Birlikdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədr müavini Həbib Misirov bildirib ki, ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, “Nəsimi İli” elan edilməsi çox müsbət və təqdirəlayiq addımdır. Hər bir kəs, bütün Azərbaycan xalqı bu addımı çox yüksək dəyərləndirir. Bu, ölkə Prezidentinin, Azərbaycan dövlətinin sözə, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir.
Sonra Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev “Nəsimi və aşıq sənəti” mövzusunda məruzə edib. Professor Qəzənfər Paşayev qeyd edib ki, Nəsimi yaradıcılığı şifahi xalq ədəbiyyatı və aşıq poeziyası ilə qoşa inkişaf etmiş, aşıq yaradıcılığına yeni janrlar gətirmiş, formaca onun inkişafına təkan vermişdir. O, xüsusi vurğulayıb ki, Nəsiminin qıfılbənd bağlamaları demək olar ki, bütün görkəmli aşıqlara təsir edibdir. Biz görkəmli aşıqlar deyəndə bütün aşıq şeirinin ecazkar nümunələrini yaradan, ağır məclisləri yola verən, dastan qoşan, "bağlama deyişmələr"də cəsarətlə iştirak edən, bədahətən şeir demək qabiliyyətini nümayiş etdirən, aşıq şeir şəkillərindən yerli-yerində istifadə edə bilən, bütün aşıq havalarından xəbərdar olan, özü aşıq havaları yaradan "Dədə" aşıqları nəzərdə tuturuq. Hər aşıq "qıfılbənd bağlama" yarada bilməz. Bağlamaları yaratmaq və dərk etmək üçün gərəkdir ki, "Şəriət" və "Təriqət" elmindən xəbərdar olasan. Ordubadlı Kərim (XVII əsr), Xəstə Qasım (XVIII əsr), Ləzgi Əhməd (XVIII əsr), Meşkinli Məhəmməd (XIX əsr), Şəmkirli Hüseyn (XIX əsr), Aşıq Ələsgər və Bozalqanlı Hüseyn və XX əsr Azərbaycan aşıq sənətində isə Dədə Şəmşir hər iki elm sahəsini mükəmməl bilən qıfılbənd ustaları kimi məşhur olmuşlar. Qəzənfər Paşayev çıxışının sonunda milli dəyərlərimizin təbliğindəki xidmətlərinə görə Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə və İctimai Birliyin sədri Qənbər Şəmşiroğluya minnətdarlığını bildirib.
Daha sonra məruzə ətrafında çıxışlar olub, professorun məruzəsi yüksək dəyərləndilib, eyni zamanda məruzəçiyə sullar ünvanlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin