Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəxtiyar Aslanbəyli: BP tərəfindən Dövlət Neft Fonduna 135 milyard dollardan artıq vəsait daxil edilib (VİDEO)

Bəxtiyar Aslanbəyli: BP tərəfindən Dövlət Neft Fonduna 135 milyard dollardan artıq vəsait daxil edilib (VİDEO)

Tarix: 16 Dekabr 2019 15:48

Bakı. Samir Əli - Trend:

Azərbaycanın əldə etdiyi uğurlar əlbəttə ki, ilk növbədə düzgün və qətiyyətli neft-qaz siyasəti nəticəsində mümkün olub.

Prezident İlham Əliyevin müəllifliyi ilə reallaşan nəhəng layihələr bu illər ərzində həm ölkəmizin dünyada nüfuzunu artırıb, həm də iqtisadiyyatımızı gücləndirib. Yəni enerji sektorundan əldə edilən gəlirlər olmasaydı, Azərbaycan bugünkü qədər inkişaf edə bilməzdi. Dünya əhəmiyyətli neft-qaz layihələrinin həyata keçirilməsində əlbəttə ki, BP şirkəti ilə əməkdaşlıq strateji əhəmiyyətə malikdir. 90-cı illərin əvvəllərində, çox çətin geosiyasi vəziyyətdə məhz BP şirkəti Azərbaycanla bağlı tarixi layihələrin həyata keçirilməsinə dəstək olub.

BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihə çərçivəsində Trend-ə bildirib ki, təmsil etdiyi şirkətin bu layihələrin əvvəlindən onların icrasında mühüm rol oynaması və layihənin operatoru olması çox əhəmiyyətli idi: "Bu, eyni zamanda qürurvericidir. Qürurvericidir ona görə ki, 25 ildə layihələrin təhlükəsiz şəraitdə həyata keçirilməsinə nail olduq. Bu müddət ərzində bir dəfə də olsa ciddi qəza qeydə alınmadı, insan tələfatına yol verilmədi, əməliyyatlar təhlükəsiz şəkildə icra olundu. Bu günə qədər 3,6 milyard barel neft hasil olunub, dövlət büdcəsinə, Dövlət Neft Fonduna 135 milyard dollardan artıq vəsait daxil edilib. Həm hasilat, həm də maliyyə nöqteyi-nəzərindən layihə çox uğurlu oldu. Layihələri uğurlu şərtləndirən digər amil isə bunlarla bərabər, ölkənin neft-qaz sənayesinin yenidən müasir standartlara uyğun şəkildə təşəkkül tapması idi".

BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, həmçinin vurğulayıb ki, BP şirkətinin ağır məqamlarında, xüsusilə də 2010-cu ildə - Meksika körfəzində qəza baş verdiyi ərəfədə, şirkətin reputasiyası ətrafında, onun gələcəyi ilə bağlı müəyyən mübahisəli fikirlərin olduğu bir dövrdə Azərbaycan BP-nin yanında oldu: "Dövlətimiz şirkətlə yeni bir hasilatın pay vergisi sazişi imzaladı. Həmin dövrdə Azərbaycan kimi enerji mərkəzinin, neft-qaz ölkəsinin BP ilə yeni bir layihə imzalaması şirkətin gələcəyi, onun qlobal nüfuzu üçün olan inamın ifadə edilməsi idi və bu, şirkət tərəfindən də çox ciddi şəkildə dəyərləndirildi. Bu da əslində Azərbaycanın şirkətə olan dəstəyinin bir nümunəsi idi".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bəxtiyar Aslanbəyli tərəfindən Dövlət Neft Fonduna milyard dollardan artıq vəsait daxil edilib VİDEO


RƏYLƏR