Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 19:42
Prezident İlham Əliyevin milli maraqlara söykənən balanslaşdırılmış praqmatik siyasəti nəticəsində Azərbaycanın güclü ölkə kimi beynəlxalq aləmdə nüfuzu durmadan artır. Müdrik, dərindən düşünülmüş siyasət, əldə olunan uğurlar Azərbaycanın ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərdiyini sübut edir. Müstəqil Azərbaycan dayanıqlı sosial-iqtisadi inkişafı ilə dünyada gedən rəqabətlərə tab gətirərək sosial dövlət modelinin ixracatçısına çevrilib. Dünyada siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkəmizin dünyada siyasi nüfuzu ilə yanaşı, reytinqi də artır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Pensilvaniya Universitetinin "BAV Group and Wharton School" Qrupunun analitikləri tərəfindən tərtib edilən siyahıda Azərbaycanın 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşmasının təməlində ölkəni inkişaf, tərəqqi yoluna çıxaran siyasətin müəllifi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılması dayanır. "Amerikanın ən nüfuzlu siyasi nəşrlərinin biri - "U. S. News & World Report" jurnalında nəşr edilən siyahıda ümumilikdə 80 güclü ölkə yer alıb. Ən güclü ölkələrin üçlüyünə ABŞ, Rusiya və Çin daxildir. Siyahıda ölkəmizin Portuqaliya, Kolumbiya, Tailand, Argentina, Çexiya, Xorvatiya və digər başqa ölkələri geridə qoyması Azərbaycanın böyük məqsədlərə doğru inamla irəlilədiyinin göstəricisidir. Ulu öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları sayəsində əldə edilən uğurlar, nailiyyətlər bir daha onu göstərir ki, ölkəmiz güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib bir ölkəyə çevrilib.