Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kamran Nəbizadə: Yeni pambıqtəmizləmə zavodu bu ayın sonunadək istismara veriləcək

Kamran Nəbizadə: Yeni pambıqtəmizləmə zavodu bu ayın sonunadək istismara veriləcək

Tarix: 20 Dekabr 2019 08:08

Yeni pambıqtəmizləmə zavodu bu ayın sonunadək istismara veriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə deyib.

K.Nəbizadə söyləyib: "Ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlar üçün münbit şəraitin yaradılması, imzalanan fərman və sərəncamlar artıq öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyiniz qərarlar və verdiyiniz tövsiyələr sayəsində ölkəmizdə bu sahənin sürətli inkişafı üçün əlverişli şərait yaradılıb.

Hörmətli cənab Prezident, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisəsi olan "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 2018-ci ilin mayında təşkil olunub, 6 pambıq emalı zavodu, 6 pambıq tədarükü məntəqəsi, 1 yağ emalı zavodu və Biləsuvar rayonunda 2 min hektarda yerləşən pivot suvarma qurğuları ilə təchiz edilmiş təcrübə-sınaq mərkəzindən ibarətdir. Cəmiyyət tərəfindən 2019-cu ildə 4481 fermerlə müqavilə imzalanıb, 29 min hektar sahədə pambıq əkilib.

Pambığın əkilib-becərilməsində elmi yanaşma, növbəli əkin sistemi, müasir texnologiyaların tətbiqi ilə intensiv inkişaf, məhsuldarlığın yüksəldilməsi və keyfiyyətli pambıq istehsalı əsas məqsədlərdəndir.

Cari ildə tərəfimizdən bir sıra tədbirlər həyata keçirilib. Belə ki, istehsalat fəaliyyəti, satış, təchizat və korporativ idarəetmə sahələri üzrə tədbirlər planı, o cümlədən rayonlar üzrə əməliyyat planı və aqrotexniki xəritələr hazırlanıb. Fermerlərin elektron reyestri yaradılıb, pambıq əkilmiş sahələr ölçülərək xəritələnib və vahid coğrafi məlumat bazası yaradılıb.

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin sifarişi ilə "Azərkosmos" ASC-yə məxsus "Azərsky" peykinin təsvirləri əsasında pambıq əkini sahələrinin monitorinqi aparılıb. Layihə çərçivəsində suvarmanın, bitkinin cücərməsinin və inkişafının müqayisəli təhlilləri həyata keçirilib, əldə edilmiş nəticələrə uyğun olaraq tədbirlər görülüb. Tələbata uyğun olaraq yüksəkkeyfiyyətli pambıq toxumu, gübrə və bitki mühafizə vasitələrinin seçimi və tədarükü istiqamətində işlər aparılıb. Pambıq əkini və becərmə dövründə fermerlərin maariflənmə tələbatını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə tərəfimizdən müxtəlif bölgələrdə xaricdən dəvət edilmiş mütəxəssislər, həmçinin yerli aidiyyəti qurumların nümayəndələri, aqronomlar və fermerlərin iştirakı ilə seminarlar və müşavirələr təşkil edilib. Çox vacib amil odur ki, bizim maddi-texniki bazamız güclənib. Biz, bu iki il ərzində "Azərpambıq" MMC-nin istifadəsinə 753 texnika, o cümlədən 45 kombayn, 201 traktor və 507 müxtəlif təyinatlı qoşqular vermişik ki, bunlar da birmənalı olaraq məhsuldarlığın artmasına təsir edir.

Müəssisənin qarşısında duran ən önəmli vəzifələrdən biri də şəffaf və dolğun uçot sisteminin qurulması idi. Bu elektron sistem üzərindən maliyyə menecmenti, insan resurslarının idarə edilməsi, satınalma, satış, istehsal və digər biznes proseslərin müvafiq modullar vasitəsilə avtomatlaşdırılmış rejimdə həyata keçirilməsi təmin edilir. Əlavə olaraq maliyyə axınları üzərində mərkəzləşdirilmiş nəzarətin və şəffaflığın təmin edilməsi üçün elektron bankçılıq platforması tətbiq olunub.

Hazırda pambıq tədarükü mövsümü yekunlaşıb və pambığın emalı prosesi başlayıb. 2018-ci ildə 29 min hektarda əkin aparmışdıq və 56600 ton xam pambıq əldə etdik. Bu il Sizin ekstensiv qaydalardan intensiv və innovativ qaydalara keçmək tapşırığınızı rəhbər tutaraq 2019-cu ildə əkin sahələrinin miqdarını eyni - 29 min hektarda saxlamaqla 80 min ton xam pambıq yığmışıq. Biz ilin əvvəlində hektardan 25 sentnerə yaxın xam pambıq yığmağı proqnozlaşdırmışdıq, artıq bizim nəticəmiz 27,6 sentner təşkil edir.


Etiketlər:  Kamran Nəbizadə Yeni pambıqtəmizləmə zavodu bu ayın sonunadək istismara veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ