Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 22:52
İsveçrənin Novartis əczaçılıq şirkəti hazırda dünyanın ən bahalı dərmanı olan "Zolgensma" preparatını gələn il yüz pasiyentə pulsuz təqdim edəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, genetik xəstəliklərin müalicəsi üçün istehsal edilən və birdəfəlik dozasının qiyməti 2,1 milyon ABŞ dollarından yuxarı olan preparat gələn ilin iyun ayınadək 50 pasiyentə, ilin sonunadək isə daha 50 pasiyentə təqdim olunacaq. Spinal əzələ atrofiyası (SMA) xəstəliyinə qarşı tətbiq olunan preparat üçün hazırda yalnız ABŞ-da lisenziya verilib. Konsernin məqsədi hələ lisenziya verilməmiş ölkələrdəki pasiyentləri preparatla təmin etmək və bununla da lisenziyalaşma prosesini sürətləndirməkdir.
Pasiyentlərin fevral ayında iki həftəlik lotereya əsasında seçilməsi təqdirlə yanaşı tənqidlə də qarşılaşıb. Böyük Britaniyanın pasiyentlərin hüquqlarının müdafiəsi təşkilatı TreatSMA bu dərmanın bəxt oyunu kimi pasiyentlərə paylanmasını tənqid edib.
Novartis bu ilin may ayında bazara çıxarılan "Zolgensma" preparatı ilə artıq 175 milyon ABŞ dolları dəyərində dövriyyəyə nail olub. Preparatın Avropa və Yaponiyada lisenziyalaşması 2020-ci il ərzində gözlənilir.