Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 18:44
Etirazlar zamanı 20 nəfər öldürülüb, minlərlə müsəlman həbs edilib
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Hindistanın Baş naziri Narendra Modi iqtidara gələndən bəri ölkədə müsəlmanlara qarşı ayrı-seçkilik siyasəti son dərəcə güclənib. Onun rəhbərlik etdiyi Hindistan Xalq Partiyası (BJP) dəfələrlə anti-islam xarakterli bəyanatlar səsləndirib. O cümlədən baş nazirin özü də ölkədə yerli millətçilərinin və radikal dinçilərin arzu və istəklərini həyata keçirməklə məşğuldur.
Təbii ki, bu mövzu dünyanın gündəmindədir. Bu məsələ ilə bağlı Hindistanın baş naziri və onun hökuməti dəfələrlə ən yüksək tribunalardan ittiham olunub. Hindistan sürətlə sekulyarizm prinsiplərindən uzaqlaşır və dinçi bir ölkəyə çevrilir.
Bu gün "BBC" yenidən bu məsələyə toxunub. Söhbət ondan gedir ki, Hindistan hökuməti Pakistan, Əfqanıstan və Banqladeşdən qaçaq yollarla bu ölkəyə keçmiş qeyri-müsəlman şəxslərə əfv və vətəndaşlıq hüququ verən mübahisəli qanun müsəlmanlara qarşı qəsd xarakteri daşıyır.
Hakimiyyətdə olan sağçı Hindistan Xalq Partiyası (BJP) iddia edir ki, qanun inancına görə istintaqa cəlb edilmiş şəxsləri qorumaq məqsədi güdür.
64 ildir ki, ölkəyə qanunsuz daxil olanları vətəndaşlıq hüququndan məhrum edən qanun dəyişir. Əvvəllər isə Hindistana pasportsuz və ya səyəhət sənədi olmadan, ya da ölkədə qanunla icazə verilən müddətdən artıq qalan şəxslər qeyri-leqal mühacir hesab olunurlar. Belələri ya həbs edilir, ya da ölkədən çıxarılırdı.
Yeni qanuna görə, Pakistan, Əfqanıstan və Banqladeşdə azlıqda olan dini qrup nümayəndələrinin Hindistan vətəndaşı olması üçün bu ölkədə yaşamaq və ya federal hökumətlə əməkdaşlıq etmək müddəti 6 ilə endirilir.
Qanuna qarşı çıxanlar bildirirlər ki, dini mənsubiyyət vətəndaşlıq üçün şərt olmamalıdır, yeni qaydalar sekulyarizm prinsiplərinə ziddir və ayrı-seçkilik yaradır.
Elə bu səbəbdən də etiraz aksiyaları bütün Hindistanı bürüyüb. Baş nazir Narendra Modi müxalifət partiyalarını qanun haqqında yanlış məlumat yaymaqda ittiham edir. O, davam edən etirazlara baxmayaraq hökumətin yeni vətəndaşlıq qanununu təkidlə müdafiə edir.