Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evlilik verilişində tanış olan cütlük: ''Xoşbəxtik'' - Ailə - FOTO

Evlilik verilişində tanış olan cütlük: ''Xoşbəxtik'' - Ailə - FOTO

Tarix: 23 Dekabr 2019 21:26

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.

Fəridlə Nagehan deyirlər ki, münasibətlərini proqram çərçivəsində qurmaq fikrində olmayıblar, amma... 

"Bir kişidə baxış və gülüşə önəm verirəm. Fəridin də çox şirin gülüşü var"

"Oturuşunu, duruşunu bilən, gözəl bir qızdır. Bəyəndim, yəni"

Bu fikirləri haqqında söz açacağımız cütlük vaxtilə qatıldıqları evlilik proqramında bir-birləri haqqında səsləndiriblər.

"Ailə" rubrikamızın budəfəki qonaqları tanışlıqları "Zuhal Topalla izdivac" proqramından başlayan Fərid Abdullayev və Nagehan Abdullayeva cütlüyüdür.

Tanışlıqları evlilik proqramı vasitəsilə olsa da, hər ikisi proqrama qatılanda, qətiyyən evlənmək fikrində olmadıqlarını deyirlər. Nagehan butik açmaq istəyirmiş, buna görə də? məşhur olmaq fikri ilə proqramda iştirak edirmiş: "Butik açmaq istəyirdim, düşündüm ki, bir az tanınsam, butik işlədə bilərəm. Çünki bu işdə tanınmaq, reklam önəmlidir. Ona görə? verilişə çıxırdım. Mən proqrama qatılandan hardasa 8 ay sonra Fərid gəldi. İlk dəfə gördüyümdə? baxışlarımız toqquşdu, diqqətimi çəkdi, yanımda verilişdə işləyən Əli adlı dostumuz var idi, ondan Fərid haqqında soruşdum. Dedi ki, azərbaycanlı dostumdur. Söhbəti uzatmadım. 2 gün keçdi, Əli mən' z'ng edib dedi ki, Fərid Azərbaycana dönür, amma səninlə görüşmək istəyir. Dedim ki, niyə dönür, getməsin (gülür) Dedi ki, qayıdacaq. Beləcə, görüşdük və sevgili olduq. Qarşılaşdığımızdan 3 gün sonra sevgili olduq. Münasibətimizi proqram çərçivəsində etmək fikrində deyildik, amma sonra proqramı hazırlayanlar bunu eşidib məsələni gündəmə gətirdilər. Bizi bir növ ekran qarşısında da sevgili olmağa məcbur etdilər. Ona görə, münasibətimizin əvvəli bir az yalanla başladı. Elə oldu ki, sevgili olmağımız verilişə yaxşı reytinq gətirdi. Buna görə, proqramı hazırlayanlar bizdən pul qarşılığında nişan istədilər. İki həftə sonra nişan etdik və nişanlı rolunu oynamağa başladıq. Nişanlı rolu oynadığımız müddətdə isə bir-birimizə daha çox aşiq olduq. Proqram bitdi, amma biz davam etdik və 6 ay sonra evləndik".

Fəridin də evlilik proqramına qatılarkən məqsədi məşhurlaşmaq olub: "Uşaqlıqdan məşhurluq arzum var idi və onu reallaşdırmaq istəyirdim. Həmin vaxt Türkiyədə işləyirdim. Bekarçılıq idi, dedim nə edim ki, məşhurlaşım? Beləcə verilişə qatıldım. Qətiyyən evlənmək fikrim yox idi, ancaq elə gedəndən 2 gün sonra Nagehanla tanış olduq. İki gündə məni necə tovladısa, axırda evləndim. Evlilik verilişlərində dedikləri kimi, bir-birimizdən elektrik aldıq (gülür)".

Dedik ki, nikah bağlayaq, toya ehtiyac yoxdur

Evləniblər, amma toy etməyiblər. Nagehan deyir ki, bunun səbəbi isə hər iki tərəfin valideynlərinin toy ərəfəsində ölkə xaricində yaşaması və ortaq bir vaxt təyin edə bilməmələri olub: "Mənim valideynlərim icazə ala biləndə, onunkularda alınmadı, onlarda alınanda da bizimkilərdə. Türkiyədə isə nikah tarixinin bir vaxtı var, istədiyin vaxt gedib evlənə bilmirsən. Ona görə, gözləyə bilmədik. Dedik ki, nikah bağlayaq, toya ehtiyac yoxdur".

Bir çox qızlar ağ gəlinlik geyinmək kimi xəyal qurur. Nagehanın bununla bağlı da fikirlərini öyrəndik: "Çəkilişlərlə bağlı o qədər gəlinlik geyinmişəm ki, gəlinlik də bir az mənim üçün adiləşmişdi. Toyda daha çox maraqlı gələn "Love story"dir ki, Fəridlə bunu da çox etmişik. Evlilik proqramında nişan, xına mərasimimiz olmuşdu. Nikahımızda isə bütün dostlarımız yanımızda idi. Ailələrimiz yanımızda olmadığı üçün toy etmədik, pul xərcləmədik, borca girmədik".

Ailəm əvvəl bu evliliyə razı deyildi

Valideynlərin bu izdivaca razılıq verməsinə gəlincə, Fəridin elə bir problemi olmayıb: "Anam həmişə deyib ki, təki sən xoşbəxt ol. Evləndiyin xanımla sən yaşayacaqsan. Deyir ki, evinə gələndə mənə hörmət qoysun, bəsimdir. Ona görə, narazılıq etmədi".

Nagehanın valideynləri isə Fəridi yaxından tanıyana qədər bu nikahla bağlı tərəddüdlü olurlar: "Mən Sevda ana ilə (Fəridin anası) nikahımdan iki həftə əvvəl realda tanış oldum. O vaxta qədər isə telefonda görüntülü danışırdıq. O, məni realda görmədən belə, gəlini kimi qəbul etmişdi. Ancaq mənim ailəm əvvəl bu evliliyə razı deyildi. Düşünürdülər ki, Fərid Türkiyə vətəndaşlığı almaq üçün mənimlə evlənmək istəyir. Fəridi tanıdıqdan sonra o fikir aradan qalxdı".

Azərbaycan gəlini

Nagehan "Instagram" profilində "Azərbaycan gəlini" yazması ilə bağlı da fikirlərini bölüşdü: "Bir azərbaycanlı gəlini olmaq gözəl duyğudur. Elə olmasaydı, onu profilimdə yazmazdım. Çünki o qeydi yazdığımdan yoldaşımın xəbəri yox idi".

Nagehan ev işlərində Fəriddən çox dəstək gördüyünü də dilə gətirdi: "Mən yemək bişirirəmsə, o süfrəni hazırlayır. Bunu problem etmir. Uşaq dünyaya gələndən sonra isə daha çox kömək etməyə başladı. Bəzən o qədər yorğun olurdum ki, gecə uşaq ağlayanda, səsinə oyanmırdım, Fərid məni oyadırdı, süd verirdim. Hazır yeməklərə keçədən sonra isə növbələşmişdik, iki gün gecə Fərid oyanıb yemək verirdi, iki gün mən".

Fərid "ev işlərini qadın görməlidir" kimi bir yanaşmaya sahib olmadığını bildirdi: "Evdə hər işi xanım görməlidir" deyə bir şey yoxdur. Vaxtım varsa, niyə də kömək etməyim? Kimsə xanımına kömək etmirsə, mən onlarla bağlı nə isə bir pis fikir də demirəm, hər kəsin öz düşüncəsi, öz yanaşması var. Amma mən kömək edirəm".

Fərid Nagehanın yeməklərinin dadlı olduğunu desə də, anası ilə xanımın yeməklərini müqayisə etməməyi üstün tutdu: "Düzdür, çox vaxt türk mətbəxindən yeməklər hazırlayır. Amma bizim mətbəxlə bağlı yeməkləri də yavaş-yavaş öyrənir, bişirir. O sualı verməyin ki, anan yaxşı bişirir, yoxsa Nagehan? Çünki o suala cavab versəm, ikisindən biri inciyəcək (gülür)". 


Etiketlər:  Evlilik verilişində tanış olan cütlük Xoşbəxtik Ailə FOTO


RƏYLƏR