Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bütün sahələrdə əldə olunan uğurlar son 15 ildə görülən işlərin məntiqi nəticəsidir - Cavid Osmanov

Bütün sahələrdə əldə olunan uğurlar son 15 ildə görülən işlərin məntiqi nəticəsidir - Cavid Osmanov

Tarix: 24 Dekabr 2019 16:08

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kurs milli iqtisadiyyatın genişlənməsinin ardıcıllığının təmin olunmasına hesablanıb.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, son illərdə ölkəmizdə iqtisadi inkişafın davamlılığını, o cümlədən də qeyri-neft sektorunda yeni istehsal və ixrac imkanları yaradılmasını hədəfləyən uğurlu islahatlar aparılır:

“Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də iqtisadi inkişafla bağlı diqqətəlayiq uğurlara imza atıb. Belə ki, milli iqtisadiyyatımız qlobal böhranın mənfi təsirlərini dəf edərək inkişafa istiqamətlənib. Hazırda ölkənin qarşısında duran bütün vəzifələrin icrası yüksək səviyyədə təmin olunur”.

Deputat vurğulayıb ki, 2019-cu ilin əvvəlindən bəri əldə olunan göstəricilər deyilənləri bir daha təsdiqləyir: “Prezident İlham Əliyevin yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində də dediyi kimi, bu il Azərbaycanda ümumi iqtisadi artım 2 faizdən çox olub. Xüsusilə, qeyri-neft sektorunun 3,5 faizlik artımı sevindirici haldır. Eyni zamanda, qeyri-neft sənaye sahəsində 14 faiz artım müşahidə edilib. Bütün bu inkişaf fonunda ölkədə ötən 11 ayda infilyasiya təqribən 2,6 faiz olub ki, bu da aşağı bir göstəricidir. Bundan əlavə, Azərbaycan xarici ticarət dövriyəsində də mühüm inkişafa nail olub. Azərbaycan dünyada azsaylı ölkələrdən biridir ki, xarici ticarət dövriyyəsində müsbət saldo əldə edir. Belə ki, 2019-cu ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 27 milyard 436,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15 milyard 981,4 milyon dollar, idxalın dəyəri 11 milyard 455,3 milyon dollar təşkil edib, nəticədə 4 milyard 526,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb”.

C.Osmanov əlavə edib ki, qazanılan uğurlar davamlı xarakter daşıyır: “Bütün sahələrdə əldə olunan uğurlar son 15 ildə görülən işlərin məntiqi nəticəsidir. Bu, hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradır”.

Deputat vurğulayıb ki, bütün görülən bu işlər Azərbaycanın dünyada nüfuzunu artırır, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: “Bu günlərdə Azərbaycan ABŞ-ın “U.S. News & World Report” jurnalı tərəfindən açıqlanan 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında 45-ci pilləyə yüksəlib. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini, o cümlədən Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub. Bundan əlavə, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanda həyata keçirilən islahatlar yüksək qiymətləndirilib. Bütün bu nəticələrə cənab Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü və uğurlu siyasət nəticəsində nail olunub”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bütün sahələrdə əldə olunan uğurlar ildə görülən işlərin məntiqi nəticəsidir Cavid Osmanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ