Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Salyan sakini tullantılardan maraqlı əl işləri hazırlayır - VİDEO - FOTO

Salyan sakini tullantılardan maraqlı əl işləri hazırlayır - VİDEO - FOTO

Tarix: 25 Dekabr 2019 23:52

Salyan sakininin maraqlı hobbisi var. O, tikinti tullantılarından, yararsız materiallardan müxtəlif əşyalar hazırlayır. Bu istedadlı insan yaşadığı evin həyətində möhtəşəm kompozisiya da yaradıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Salyan şəhərində yaşayan 75 yaşlı Adil Kazımov ixtisasca sürücüdür və 20 ilə yaxın bu işlə məşğul olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində bu peşə ilə vidalaşdıqdan sonra digər işlərə maraq göstərib. İşsiz qala bilmədiyini söyləyən Adil kişi deyir ki, o vaxtdan bu günədək həyətini lazımsız tikinti tullantıları ilə bəzəməyə başlayıb. Bu işə əvvəldən də marağı olub. O, heç kimin istifadə etmədiyi, gərəksiz bildiyi tikinti tullantılarından divarlarda bir-birindən maraqlı, rəngarəng kompozisiyalar yaradıb. Həyətə daxil olanda sanki sirli-sehrli bir dünyaya, necə deyərlər, nağıllar aləminə düşürsən.

"Bu sənətlə həvəskar kimi məşğul oluram. Lazımsız əşyalardan maraqlı əl işləri düzəldirəm. Əvvəllər qarşıma çıxan gərəksiz və atılan əşyaları toplayardım. Sonra onlardan istifadə etməyə başladım. Bu bacarığım dostlarım və tanışlarım tərəfindən bəyənildi və daha da həvəsləndim. Bu işə nəvələrim də maraq göstərir", - deyə Adil Kazımov qeyd edib.

Adil dayı evin fasadını, hasarları kafellə bəzəməklə yanaşı, həyətdəki yarımtikililərin də içərisinə əl gəzdirib. Maraqlıdır ki, iş görən zaman divarlarda lazımsız əşyalardan da istifadə edir. Hazırladığı kompozisiyalar isə bir-birini tamamlayır: "Mənim rəssamlıq zövqüm də var. Qabaqcadan görürəm ki, bu tikiliyə bu əşyanı əlavə etsəm daha yaraşıqlı alınar. Əl işimə baxanlar mən deməsəm, onun tullantılardan hazırlandığını hiss etmirlər."

Salyan sakini başqalarının lazımsız, tullantı olduğunu düşündüyü əşyalara fərqli gözlə baxır, fantaziyalar yaradır. Onun şam ağacının qozalarından düzəltdiyi rəngarəng quşlar, çilçıraqlar və bəzək əşyaları da bu fantaziyanın məhsuludur. O, özünü dekorativ tətbiqi sənət sahəsində həvəskar sayır.


Etiketlər:  Salyan sakini tullantılardan maraqlı işləri hazırlayır VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ