Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 22:32
Kanada İctimai Teleradio Şirkəti ABŞ-ın indiki Prezidenti Donald Trampın epizodik rolda çəkildiyi "Evdə tək-2: Nyu-Yorkda itirilmiş" filminin bir hissəsini montaj etmək qərarına gəlib. Bununla əlaqədar Donald Tramp Kanadanın Baş Naziri Castin Trüdo ilə zarafatlaşıb.
1992-ci ildə çəkilmiş filmin bir epizodunda Tramp "Nyu-York Plaza Otel"də aktyor Makoley Kalkin ilə söhbət edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Floridadakı Mar-a-Laqo kurortunda istirahətdə olan Prezident Tramp özünün "Twitter" səhifəsində yazıb: "Yəqin T.Castinin o qədər də xoşuna gəlmir ki, mən onu NATO-ya görə və ya ticarətə görə ödəniş aparmağa məcbur edirəm! Bu film heç vaxt əvvəlki kimi olmayacaq! (zarafat edirəm)".
Trampın tərəfdarlarının hiddətlənməsinə baxmayaraq, Kanada İctimai Teleradio Şirkətinin nümayəndəsi bildirib ki, yuxarıda qeyd edilən dəyişikliklərlə bağlı montaj 2014-cü ildə, yəni Tramp prezident vəzifəsinə namizədliyini irəli sürənə qədər edilib. Bu, filmin televiziya üçün uyğunlaşdırılması məqsədilə ondan kəsilib götürülmüş bir neçə səhnədən biri idi.