Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 00:14
Bu gündən etibarən ölkəmizdə mərhələli şəkildə yeni icbari tibbi sığorta sisteminin tətbiqi həyata keçiriləcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ildən başlayaraq icbari tibbi sığorta sahəsində bir sıra vacib fərman və sərəncamlar imzalayıb. 2017-ci ildən etibarən isə ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində tətbiqinə başlanılıb. Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığorta çərçivəsində 370 min nəfərə yaxın sığortaolunan baza zərfi əsasında ödənişsiz tibbi xidmətlərlə təmin edilib.
Qeyd edək ki, icbari tibbi sığorta 10 milyon vətəndaşı əhatə edəcək. İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə baş tutacaq. Belə ki, yanvarın 1-dən Naxçıvan MR-in ərazisində və 23 regionda, aprelin 1-dən 20 regionda, iyulun 1-dən 15 regionda və oktyabrın 1-dən isə Bakı, Sumqayıt, Abşeronda tətbiq olunacaq. Beləliklə, 2020-ci ilin sonuna qədər Azərbaycanın bütün bölgələrində əhali icbari tibbi sığorta sisteminə qoşulacaq.
Sistemin tətbiqi üçün büdcədən hər bir vətəndaş üçün 90 manat (ümumi 900 mln.) ayrılması nəzərdə tutulub.
Həmçinin, ödənişlər 2020-ci ilin ilk 3 ayı tamamən dövlət tərəfindən ödəniləcək. Aprelin 1-dən isə vətəndaşlar ödənişə başlayacaq.