Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlıları döyərək zorla evlərindən çıxardılar - 1988-ci il hadisələrinin canlı şahidi erməni cinayətkarlığından danışır - FOTO

Azərbaycanlıları döyərək zorla evlərindən çıxardılar - 1988-ci il hadisələrinin canlı şahidi erməni cinayətkarlığından danışır - FOTO

Tarix: 14 Yanvar 2020 10:09

20-ci əsrdə Ermənistandan azərbaycanlıların sayca 3-cü, 1988-89-cu illər deportasiyası nəticəsində 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tariхi mədəni abidələri, dini müəssisələri, məktəb, хəstəхana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məхsus 2000-dən artıq qəbiristanlıq dağıdıb.

Həmin hadisələrə şahidlik edən 1948-ci il təvəllüdlü Məmmədov Əli Əbdüləzim oğlu Trend-ə bu tarixdə azərbaycanlıların başına gətirilən dəhşətlərdən danışdı. Çəmbərək rayonunun Göyçə mahalının Ağbulaq kənd sakini olmuş Əli Məmmədov kənd məktəbində riyaziyat müəllimi olub. Onun sözlərinə görə, deportasiya vaxtı kənd camaatı böyük şiddətlə üzləşərək zorla evlərindən çıxarılıb:

"Çəmbərəyin digər kəndlərində prosesə üç ay əvvəl başlanmışdı. Həmin kəndlərdə olduğu kimi, bizə də öncədən xəbərdarlıq olunmuşdu ki, deportasiya ediləcəksiniz. Bununla bağlı hətta 5-6 min əlisilahlı şəxs kəndlərə yerləşdirilmişdi. Mərkəzi televiziya və İrəvan televiziyası elan etdi ki, azərbaycanlılar Ermənistandan çıxarılmalıdır. 1988-ci il noyabr ayının 26-da səhər-səhər işdə bizə deyildi ki, bir-iki günə digər kəndlərdə baş verənlər sizin də başınıza gələcək. Beləliklə, artıq noyabrın 28-i həmin hadisələr bizim kəndə də yaşandı və əlisilahlı şəxslər insanları öz evlərindən məcbur şəkildə çıxarmağa başladılar. Doğma elini, isti evini tərk etmək istəməyənlərə qarşı zorakılıq tətbiq olundu. Onları döyərək zorla evlərindən çıxarırdılar. Bir anın içində evlərə basqın edən silahlı şəxslər uşaq, qoca demədən hər kəsi ev-eşiyindən didərgin etdilər. Bişməmiş yeməklərimiz belə ocağın üzərində qaldı".

Əsasən 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın azərbaycanlılar yaşayan kəndlərinin əhalisini sıxışdırması, kəndlərə ərzaq göndərilməməsi, elektrik xətlərinin kəsilməsi və silahlı basqınlar edilməsi nəticəsində Ermənistanı tərk edən ailələrə yollarda divan tutulmuş, əmlakları qarət edilmiş, özləri isə qətlə yetirilmişlər.

Ə.Məmmədov deyir ki, Ermənistanda milli zəmində baş verən cinayətlərin əksəriyyəti əsasən azərbaycanlı əhalinin öz yaşayış məntəqələrini tərk etməyə məcbur olduqları vaxt baş vermişdi:

"Məcbur şəkildə uşaqları da götürüb soyuq havada çətin yolları, dağları aşaraq Gədəbəyin İvanovka kəndinə gəldik. Həmin ərəfədə demək olar ki, bütün kənd Gədəbəyə axın etməyə başlamışdı. Gədəbəydə olduğumuz müddətdə yenidən Göyçə mahalına qayıtmağa cəhd etdim. Ən azından orada qalan mal-qaranı, şəxsi sənədləri almaq üçün tanıdığım yollarla gizlicə evimə getdim. Ancaq ora çatdıqda gördüm ki, evim artıq erməni qəsbkarları tərəfindən zəbt olunub, bütün əmlak və mal-qaramızdan öz malları kimi istifadə edirlər. Evdə olan adamlardan sənədlərimi, mal-qaramı tələb etdim, əvəzində isə rədd cavabı aldım".

1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılıb ki, onlardan da xalis azərbaycanlılar yaşayan kənd və qəsəbələrin sayı 172-si, azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89-dur.

Bundan başqa, daha 6 şəhərdə digər millətlərlə yanaşı, azərbaycanlılar da yaşamışlar. Bu yaşayış məntəqələrində isə soydaşlarımızın sayı 49 min 928 ailədə 250 min nəfər olub. Bu yaşayış məntəqələrinin adı və bu məntəqələrin demoqrafik göstəriciləri indiyə kimi heç bir mənbədə tam şəkildə verilməyib.

Əli Məmmədov deyir: "Gədəbəyə qayıtmağın mümkünsüz olduğunu başa düşdüyümdən yaxında yerləşən digər kəndə getdim, ora tam boşaldılmamışdı, bir neçə azərbaycanlı hələ də orada yaşayırdı. Bir müddət o kənddə qaldım və az sonra xəbər aldıq ki, burada da eyni proses baş verəcək. Buna görə də bir maşın tapıb bir neçə kənd sakini ilə yenidən Gədəbəyə yola düşdük. Bir müddət ailəmlə İvanovkada qaldıqdan soran Gəncəyə köçdük".

Müvafiq sənədlər və şahidlərin verdikləri ifadələr əsasında 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyətində tərtib edilmiş siyahıya əsasən, 1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olmuşdur. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri suda boğub öldürmüşdülər, 6 nəfər itkin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak olmuşlar.

1988-ci ilin noyabr ayının sonları Ermənistanda azərbaycanlıların sonuncu deportasiyasının son mərhələsi idi. Amasiya rayonunda blokada şəraitində qalan 10 min nəfərdən artıq azərbaycanlı əhali istisna olmaqla, Ermənistanda demək olar ki, azərbaycanlı qalmamışdı. Ermənilər tariхən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.


Etiketlər:  Azərbaycanlıları döyərək zorla evlərindən çıxardılar 1988 hadisələrinin canlı şahidi erməni cinayətkarlığından danışır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ