Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 12:06
Bakı. Trend:
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Qayana Xarici İşlər naziri Karen Kamminqs iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.
Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə verilən məlumata görə, öz məktubunda nazir Elmar Məmmədyarov həmkarı Karen Kamminqsə Azərbaycan ilə Qayana arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdırıb.
Bildirilib ki, iki xalq arasında dostluq və qarşılıqlı anlaşma ruhuna əsaslanan əməkdaşlıq ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır.
Nazir Elmar Məmmədyarov Qayananın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin müvafiq qətnamələrində də qeyd olunduğu kimi, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli istiqamətində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Elmar Məmmədyarov ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu qeyd edib.
Öz tərəfindən Qayananın Xarici İşlər naziri Karen Kamminqs, Qayana ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Azərbaycan Hökuməti və xalqını təbrik edib.
Nazir Kamminqs, iki xalq arasında mövcud olan səmimi münasibətlərin kökünün xalqlarımızın rifahı üçün ortaq baxış və dəyərlərə əsaslandığını bildirib. 1995-ci il 9 yanvar tarixində diplomatik münasibətlərin qurulmasından etibarən 25 il ərzində iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmləndiyini vurğulayıb.
O, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT-də islahatlar və iqlim dəyişikliyi mövzularında iki dövlət arasında qarşılıqlı maraq doğuran birgə ikitərəfli əməkdaşlığın dərinləşməsinə toxunub. Xarici İşlər Naziri Kamminqs qarşıdakı illərdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bir daha diqqətə çatdırıb.
Azərbaycan və Qayana arasında diplomatik münasibətlər 9 yanvar 1995-ci ildə qurulub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin