Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 14:52
Bakı. Trend:
"Karlara Dəstək" İctimai Birliyi və "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Milli Karate Federasiyası eşitmə məhdudiyyəti olan yeniyetmə və gənclərin karate olimpiya idman növü ilə məşqul olmağa cəlb edilməsinə aid əməkdaşlıq məqsədi ilə Üçtərəfli Anlaşma Memorandumu imzalanıb.
Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Memorandum Federasiyanın prezidenti Yaşar Bəşirov, "Karlara Dəstək" İctimai Birliyinin sədri Kamran Abasov və "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Mövlud tərəfindən imzalanıb.
İmzalanma mərasimində kütləvi informasiya vasitələrinə açıqlama verən tərəfdaşlar, Azərbaycanda əlillərin rahat şəkildə idmanla məşğul olmaları üçün yüksək standartlara cavab verən infrastruktur, o cümlədən paytaxtda və regionlarda inşa edilən Olimpiya İdman Kompeksləri, idman qurğuları, idman təşkilatlarının apardığı işlərin ölkədə əlillərə böyük dəstək verdiyindən danışıblar.
Çıxışlarda gənclər və idman sahələrində aparılan islahatlar, əldə olunan nailiyyətlər, eləcə də, uğurla təşkil edilən beynəlxalq idman tədbirləri haqqında məlumat verilib, bu sahələrə dövlət səviyyəsində göstərilən dəstək xüsusi vurğulanıb. Çıxışlarda həmçinin idmanın əlil insanların cəmiyyətə inteqrasiyasında körpü rolunu oynayan bir vasitə olması qeyd olunub.
Tədbirin sonunda bir qrup eşitmə məhdudiyyətli gənc karateçiyə 7-ci Kyu sarı kəmər və sertifikatlar təqdim olunub. Tədbirdə memorandum tərəfdaşlarının rəsmiləri, eşitmə məhdudiyyətli gənc karateçilər və media nümayəndələri iştirak edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin