Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 10:22
Bakı. Trend:
Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat - təşviqat kampaniyası çərçivəsində 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Pərvin Kərimzadə bir neçə şəhid ailəsini evlərində ziyarət edib.
Trend-in məlumatına görə, 1992-ci ildə Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan Bəhlul Allahmanovun, Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olan Faiq Mürsəlovun, Aprel şəhidi, Kapitan İnqilab Quliyevin ailə üzvləri ilə görüşən Pərvin Kərimzadə bildirib ki, şəhidlik vətənpərvərliyin ən ali məqamıdır.
“Şəhidlik ucalığına yüksələnlərin şərəfli ömür yolu hər kəs üçün örnəkdir. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, cəmiyyətin, ailənin gücü ilə diktə olunan keyfiyyətdir” - söyləyən Pərvin Kərimzadə bildirib ki, şəhidlərin ailə üzvləri həmişə başlarını dik tutmalıdırlar, çünki onların əzizləri müqəddəs torpaq - Vətən uğrunda canlarını qurban veriblər.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib, Pərvin Kərimzadəyə qarşıdan gələn növbədənkənar parlament seçkilərində uğurlar arzulayıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin