Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 16:48
Bakı. Trend:
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi fermerlərə əlavə üstünlüklər qazandırır.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata əsasən, fermerlər kənd təsərrüfatı istehsal vasitələrindən gübrə, toxum, pestisid, kənd təsərrüfatı texnikasının, baramaçılıq sahəsində ipəkqurdu və tut tinglərinin satınalınmasını EKTİS vasitəsilə həyata keçirə biləcək və bunun üçün müxtəlif yerlərə gedərək araşdırma aparmaq məcburiyyətində qalmayacaqlar.
Eyni zamanda fermerlər elektron kabinetləri vasitəsilə günün 24 saatı ərzində Kənd Təsərrüfatı Nazirliyi və onun qurumlarına müraciət göndərmək imkanı əldə edəcək. EKTİS-in tətbiqi aqrar fəaliyyətlərdən yararlanmaq üçün vaxt itkisini aradan qaldırmış olacaq. Yeni sistemin tətbiqinin əsas üstünlüklərindən biri ölkə üzrə aparılacaq və aparılan əkin barədə məlumatların fermerlər üçün əlçatan olmasıdır. Bu üstünlük həm təsərrüfat üzrə və ticari fəaliyyətlərlə bağlı qərarların qəbulunda fermerlərə əlavə imkanlar yaratmış olacaq.
Aqrar xidmətlərin elektronlaşdırılması fermerlərin maarifləndirmə prosesinə cəlb olunmasını da asanlaşdıracaq. Fermerlər bitkiçilik və heyvandarlıq sahələri üzrə elmi-praktiki təcrübələrin nəticələri ilə tanış olmaq, sahəvi fəaliyyətləri üzrə təkmilləşdirici tövsiyələrin, məlumatların mütəmadi qaydada əldə edilməsi imkanı qazanacaq. Fermerlərə maarifləndirici məlumatların çatdırılması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əlavə olaraq www.agroinfo.az saytı yaradılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin