Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 23:03
Yanvarın 23-də Hindistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, əvvəlcə Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə Hindistan arasındakı əlaqələrdən danışıb. Bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın diplomatik əlaqələr qurduğu ilk ölkələrdən biri də Hindistandır.
Səfir qeyd edib ki, 71 il öncə ölkə konstitusiyası bərqərar olunub, ötən illər ərzində Hindistan sürətlə inkişaf edib və bəşəri dəyərlərə töhfə verib.
Bavitlunq Vanlalvavna ölkəsinin Azərbaycanla bütün sahələrdə dostluğu və əməkdaşlığı möhkəmləndirmək arzusunda olduğunu vurğulayıb.
İki ölkə arasında münasibətlərə toxunan səfir bildirib ki, Azərbaycan və Hindistan arasında dərin mədəni və tarixi əlaqələr mövcuddur: "Multikulturalizmə və mədəniyyətlərarası dialoqa olan hörmət bizi bir-birimizə bağlayır. Eyni zamanda, iki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq mövcuddur və bu ilbəil genişlənir. Azərbaycan və Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində də əməkdaşlıq edir".
Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov əlamətdar gün münasibətilə Hindistan xalqını Azərbaycan hökuməti adından təbrik edib, iki ölkəni bir-birinə mədəni, tarixi dəyərlərin bağladığını vurğulayıb. Nazir müavini Azərbaycanla Hindistanın siyasi əlaqələrinin uğurla inkişaf etdiyini və ölkələrimizin beynəlxalq siyasi platformalarda səmərəli əməkdaşlıq əlaqələri qurduqlarını diqqətə çatdırıb: "2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çox olub. Hazırda Azərbaycanda 230 Hindistan şirkəti fəaliyyət göstərir və onlar Azərbaycana 1,2 milyard ABŞ dolları sərmayə yatırıblar".
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak edib.